Məhkəmə qərarları › İş №3(006)-3198/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3198/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3198/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X6, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 16 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “Zeytun” adlı aptekdən maddi dəyəri 120 manat olan tibbi ləvazimatları gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, vətəndaş X6 xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 16 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “Zeytun” adlı aptekdən naməlum şəxs tərəfindən maddi dəyəri 120 manat olan tibbi ləvazimatları oğurlamışdır. Aparılmış araşdırma nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Polis şöbəsində təhqiqatçı Bədəlov Sənan tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X4 ziyan vurmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Şəxs əməlini etiraf etdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Günlük qazancını isə ətrafdan dəmir butulkalar yığaraq onları satmaqla əldə edir. Mirzə adlı dostunu isə 1 ildir ki, Yaşıl Bazardan tanıyır. Demək olar ki, hər gün birlikdə olurlar. xx.xx.2025-ci il tarixdə isə dostu Mirzə ilə birlikdə Moskva prospekti 46 ünvanında yerləşən “Zəfəran” aptekin qarşısından keçəndə ona bildirmişdir ki, aptekdən özünə xəstəliklərlə bağlı dərmanlar lazımdır. Ancaq üzərində pul olmadığından dostu aptekdən dərmanları oğurlamaq istədiyini ona bildirmişdir. Onlar qərarlaşaraq aptekə daxil oldular. Aptekdə isə sadəcə bir nəfər satıcı oğlan var idi. Satıcı onların aptekə daxil olduqlarını görsə də, çox reaksiya verməmişdir. Aptekə daxil olan kimi o, tam qarşıda olan şüşəsiz vitrinə yaxınlaşıb oradan adlarını bilmədiyi dərmanları və iynələri götürmüşdür. Daha sonra isə dostu Mirzənin yanına qayıtmış və həmin dərmanları və iynələri dostuna vermişdir. Dostu dərmanları götürdükdən sonra onlar aptekdən çıxıb oradan uzaqlaşmışdır. Sonra dostu ilə sağollaşıb yaşadığı ünvana getmişdir. İzahatının sonunda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən Zeytun” aptekdə inzibatçı və satıcı kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində tanımadığı şəxs tərəfindən inzibatçı kimi fəaliyyət göstərdiyi aptekdən konviser tabletka maddi dəyəri 25 manat, saframil tabletka maddi dəyəri 26 manat, sertoqamma ampluası maddi dəyəri 50 manat və forkonet ampulası maddi dəyəri 20 manat olan tibbi ləvazimatların və dərmanların oğurlandığını qeyd etmişdir. Ümumilikdə 120 manat dəyərində olan tibbi vasitələr aptekdən oğurlandığını bildirmişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmədiyindən ona qarşı şikayətçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X5 tərəfindən araşdırma aparılaraq, X4 ziyan vurmuş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 22 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 21 may 2025-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar