Məhkəmə qərarları › İş №3(006)-32/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-32/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-32/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən şəxs X7 etibarnamə üzrə nümayəndəsi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 04 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 dekabr 2023-cü il tarixdə X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmətməkdə təqsirli bilinərək barəsində 4000 manat inzibati cərimə cəzası təyin edilmişdir. Göstərilən qərarla razı deyil, həmin qərar kobud maddi hüquq normalarının və prosessual qanunvericiliyin pozulması ilə tərtib edilmişdir, qeyd olunan inzibati xətanı törətməmiş, ümumiyyətlə hər hansı inzibati qanunvericiliklə nəzərdə tutulmuş hadisə baş verməmişdir. Hesab edir ki, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən qərəzli, qeyri-obyektiv və qanunsuz hərəkətlərə yol verilmişdir, heç bir əsas olmadan inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, inzibati tənbeh haqqında icraatın başlanmasına əsas X2 şikayəti olmuşdur. Şikayətlə ona tanış olmaq imkanı yaradılmasa da mahiyyətindən şifahi məlumat verilərək ona bildirilmişdir ki, guya o, həmin şəxsi əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İşin həqiqi halı isə budur ki, 14 sentyabr 2023-cü il tarixdə sonradan adının X5 olduğunu öyrəndiyi şəxs onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi "Elza Beauty" gözəllik salonuna gələrək həmin salonda işləmək istədiyini bildirmişdir. Onunla qısa söhbət etdikdən sonra həmin şəxsə növbəti gün sənədləri ilə gəlməyini təklif etmişdir. Cəmi 20-30 dəqiqə onun salonununda olmuşdur, heç bir iş görməmişdir, sadəcə aralarında danışıq olmuşdur. Lakin, nə ertəsi gün, nə ümumiyyətlə heç bir zaman həmin şəxs geri qayıtmamışdır, ona zəng etmiş, o isə mənə telefonla bildirmişdir ki, işləmək fikrindən daşınmışdır. Bundan təxmini bir ay sonra ona DƏMX-nin Bakı şəhər İdarəsinən zəng etdilər və barəsində şikayət olunduğu bildirdilər. İnzibati orqanın ilk çağırışına dərhal reaksiya verərək, 2 saylı və 4 saylı DOST xidmətlərinə yaxınlaşaraq izahat vermiş, olanları izah etmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə ona poçt vasitəsi ilə qərar gəldi ki, inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Açığı bu qərar onda təəccüb yaratdı, buna görə də dərhal inzibati orqanla əlaqə yaratmışdır. Oradan isə ona qısaca «get məhkəməyə şikayət et» bildirdilər. İnzibati orqan onun törətmədiyi əməli necə sübuta yetirdi, qərar üçün əsas nə oldu, şikayət verən şəxs Abbaszadə Gülmira hansı dəlil-sübuta istinad etdi və sair bunun kimi suallar açıq qalmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 etibarnamə üzrə nümayəndəsi X9 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayətçi X15 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, özü saç ustası işləyir. Həmin xanım ona yaxınlaşıb bildirib ki, dırnaq ustası işləmək istəyir, o da onunla razılaşmış, dedi gəlib işləyəcək, həmin günü çıxıb getdi və bir daha qayıtmadı. Çıxıb gedəndən sonra ona zəng vurub ki, uşağı dərsə gedir deyə gələ bilmir. 3-4 gün keçəndən sonra isə gəldi və ona bildirdi ki, işləyəsi olmamış, elə həmin günü onun iş yerindən satdığa qoyduğu duxilər oğurlanmışdır. O, 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. X1 24 gün sonra tapdılar, bundan sonra getdi ondan şikayət etmişdir. Təhqiqatçı onun izahatını aldı və ona bildirmişdir ki, iş veriləcək sahə inspektoruna, xanımın barəsində inzibati protokol tərtib olunacaqdır. Bundan sonra xanım getdi ondan Əmək müfəttişliyinə şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, onların sübutları şikayətçi X2 izahatıdır. X2 şikayətinin məzmunu isə o, Elza Yolçuzadənin yanında bir həftə işləmiş, lakin onun əmək haqqısı ödənilməmişdir. Protokolun tərtib olunmasına səbəb bu olmuşdur ki, xanım X15 xanım X3 bir həftə qeyri-rəsmi olaraq yanında işlətmiş ona əmək haqqı ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 04 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 4000 (dörd min yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X7 təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, yalnız X2 müraciətinə əsaslanmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 da izahatında göstərmişdir ki, onların sübutları şikayətçi X2 izahatıdır. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi X2 izahatından (həmin izahat səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir) başqa hər hansı sübutla təsdiq olunmur. Belə olan halda yalnız X2 izahatının mövcudluğu şəraitində X7 barəsində inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalara dair qanunvericiliyin sübutetməyə dair prinsip və müddəalarını heçə endirmiş olar və ədalətsiz hüquqi nəticələrə gətirib çıxarar. Hazırki iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas olmadan və işin hallarına düzgün hüquqi qiymət verməməklə X7 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əksinə, X7 şikayətində göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X7 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X7 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar