Məhkəmə qərarları › İş №3(006)-3202/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3202/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3202/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X4 iştirakları ilə Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:44-də 055 ***-**-** saylı mobil telefon nömrəsindən özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən ona xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inzibati xəta törətdiyi barədə məlumat verilərək Bakı şəhər Baş Yol Polis İdarəsinə çağırmışdır. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə olunduğu barədə “sms” bildirişi göndərilmişdir. xx.xx.2024-cü il tarixdə 055 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhər Baş Yol Polis idarəsinə getmişdir. İdarədə 27-ci otaqda özünü təqdim etməyən mülki geyimli şəxs tərəfindən işə baxılmışdır. O, həmin şəxsin nəzərinə İnzibati Xətalar Məcəlləsinin 123 və 124-cü maddələrindəki qaydaları çatdırsa da, sonuncu qanunsuz tərtib olunan protokolun düzgün yazıldığını israr etmişdir. O, görüntülərin təqdim olunmasını tələb etmiş, lakin polis əməkdaşı onun bu istəyini yerinə yetirməmişdir. Bundan başqa, sosial şəbəkələrdə müxtəlif səhifələrdə həmin küçədə xeyli sürücülərin qanunsuz olaraq cərimələndiyi barədə yazılar qarşısına çıxmışdır. Həmçinin polis əməkdaşı işə baxarkən inzibati xətanınin törədilməsinə kömək edən səbəbləri və şəraiti nəzərə almamış və İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə zidd qərar vermişdir. Qərar qəbul edilərkən inzibati məsuliyyət müəyyən edən qanunun normaları düzgün tədbiq edilməmişdir. Bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Dilarə Əliyeva küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə);  inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə);  barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə);  inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (124.4-cü maddə). Qanunvericiliyin tələblərindən göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməli və baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməlidir. Lakin hazırki iş üzrə müəyyən olunur ki, X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Dilarə Əliyeva küçəsində olan zaman ona ittiham olunan inzibati xətanın mövcudluğu ilə razılaşmamış, belə olduğu təqdirdə Bakı şəhər X8 İdarəsinin əməkdaşı X1 protokol tərtib edib ona baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmək əvəzinə, iş üzrə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar