Məhkəmə qərarları › İş №3(006)-3203/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3203/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3203/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1D VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2024-cü il tarixdə, saat 07:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində Şəxs MMC-yə məxsus “İsuzu Citiport” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitəsində reklamın yayılması faktı aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair” xx.xx.2023-cü il tarixli, AB 2561 saylı texniki şərtlər pasportuna görə Şəxs MMC-yə məxsus “OTOKAR KENT LF12M CNG AVTOBUS” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində reklam səthinin sahəsi 34 m2 olan “Wolt” məzmunlu reklamın yerləşdirilməsinə xx.xx.2024-cü il tarixədək icazə verilmişdir; • İş materiallarında əlavə edilmiş fotoşəkillərdən görünür olur ki, “İSUZU” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində reklam yerləşdirilmişdir; • Şəxs MMC-nin nümayəndəsi X2 izahatında qeyd olunur ki, MMC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun üzərindəki reklam vinilləri təmir mərkəzində reklam şirkəti tərəfindən vurulmuşdur. Reklam şirkəti tərəfindən vurulan standartlara uyğun olmayan vinillər MMC tərəfindən aradan qaldırılcaq və bir daha təkrar olunmayacaq. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə məsuliyyət nəzərdə tutur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa görə; • Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir (5.1-ci bənd); • Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır (5.2-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”na görə: • Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir (3-cü bənd); • Nəqliyyat vasitələrində yerləşdirilən reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır (12-ci bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar