Məhkəmə qərarları › İş №3(006)-3204/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3204/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3204/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi Gersamia Vladimer malların bəyan olunduğu xx.xx.2023-cü il tarixdən 180 gün ərzində ixrac olunan malların müqabilində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməli olan 3.013,40 manat vəsaitin köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında qərarı qəbul etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən:  “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs MMC tərəfindən xarici valyuta vəsaitlərini xaricdən qaytarılmaması faktı üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir;  “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır;  Şəxs MMC-nin direktoru Gersamia Vladimerin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin fəaliyyəti meyvələrin xarici ölkələrə, xüsusən də Rusiya Federasiyasına ixrac edilməsindən ibarətdir, şirkətin direktoru Gersamia Vladimerdir, hazırda həmin şəxs Azərbaycan ərazisində olmadığı üçün etibarnamə əsasında sonuncunu təmsil edir. Hazırda həmin şəxsin harada olmasından məlumatsızdır. 05 oktyabr 2022-ci ildən etibarən Şəxs MMC yaradılmışdır. 2023-cü üin sentyabr və oktyabr aylarında Şəxs MMC şirkəti ilə AO “Qrand-Treyd” şirkəti arasında bağlanmış müqaviləyə əsasən heyva və üzüm meyvələri Rusiya Federasiyasının Moskva şəhərinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il (iki dəfə), xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ixrac nəzarəti adı altında ümumilikdə 37.383 ABŞ dolları dəyərində məhsul göndərilmişdir. Həmin məhsulların ixracını "xxxx" MMC şirkəti Şəxs MMC şirkəti ilə 04 avqust 2023-cü il tarixdə bağlanılmış müqaviləyə əsasən həyata keçirilmişdir. Həmin malların ixracı nəticəsində əldə edilmiş qazana müvəkkil bank hesabı olan A262HAJCHCRAZN**********2001 hesabına ödənilmişdir. 2023-cü ilin noyabr ayında qeyd edilən 05 bəyannamə üzrə ümumilikdə 37.383,66 ABŞ dollar məbləği "xxxx" ASC-də cəmiyyət adına açılmış müvəkkil bank hesabına tam şəkildə ödənilmişdir. Sistemdə qeyd edilən məbləğin nə səbəbə göstərilməməsini bilmir. Həmin qəbzlərdə yalnız 3.013,40 manat əskik qalmışdır. Həmin məbləğ tərəflər arasında deklorasiya məbləği olmuşdur. Bu tərəflər arasında ixrac edilən məhsulun ümumi dəyərinin xarici ölkə üçün fərqli məbləğdə ölkəmizdə fərqli məbləğdə olmasına görədir;  Araşdırma zamanı izahatı alınmış Şəxs MMC-nin mühasibatlıq şöbəsində əməliyyatçı işləyən X1 İmanova ilə eyni məzmunlu izahat verərək sonuncunun qeyd etdiklərini təsdiq etmişdir;  "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müvəkkil bank hesab çıxarışından görünür ki, xx.xx.2023-cü tarixli, **********5134 nömrəli bəyannamə üzrə müvəkkil bank hesabına qaytarılmış ödənişdən 3.013,40 manat məbləğində qalıq qalmışdır;  Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olan xx.xx.2024-cü il tarixli konsiqnasiya əməliyyatları üzrə hesabat sənədindən görünür ki, xx.xx.2023-cü il tarixli **********5134 nömrəli bəyannamə üzrə edilmiş ödənişdən 3.013,40 manat məbləğində qalıq qalmış, həmin müvəkkil bank hesabına köçürülməmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən AO “Qrand-Treyd” şirkəti arasında 2023-cü ilin sentyabr və oktyabr aylarında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq Şəxs MMC tərəfindən bu şirkətə ümumilikdə 37.383,66 ABŞ dolları dəyərində xx.xx.2023-cü il, xx.xx.2023-cü il (iki dəfə), xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə yük göndərilmiş, lakin ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına qalıq qalan 3.013,40 manat köçürülməsini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 3.013,40 manat valyuta vəsaiti məbləğinin 30 faizi – 904 (doqquz yüz dörd) manat 02 (iki) qəpik məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar