Məhkəmə qərarları › İş №3(006)-3216/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3216/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3216/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan hüquqi Şəxs MMC-nin nümayəndəsi şəxs: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 189, mənzil 30, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC 48.783,82 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, cəmiyyətlə Niderlandda fəaliyyət göstərən “X6 B.V.” şirkəti arasında xx.xx.2019-cu il tarixdə geyim və geyim üçün ləvazimatlar və s. əşyaların alışına dair müqavilə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli proforma-invoys əsasında həmin şirkətin hesabına xx.xx.2020-ci il tarixdə 48.783,82 Avro pul köçürülmüş və bu vəsait hesabına alınan mallar xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə idxal olunmuş, gömrük bəyannamələri üzərində "xxxx" ASC tərəfindən müvafiq qeydlər aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlər göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Əlavə edilmiş sənəddə Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 48.783,82 Avro məbləğində pul göndərildiyi qeyd olunmuşdur; - Köçürmə haqqında ərizədən aydın olur ki, Şəxs MMC tərəfindən Niderlandda fəaliyyət göstərən “X6 B.V.” şirkətinin hesabına xx.xx.2019-cu il tarixli müqavilə, xx.xx.2020-ci il tarixli, ********** saylı proforma-invoys əsasında 48.783,82 Avro pul köçürülmüşdür; - Gömrük bəyannamələrinə əsasən Niderlandda fəaliyyət göstərən “X6 B.V.” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə, xx.xx.2020-ci il tarixli, ********** saylı proforma-invoys üzrə xx.xx.2022-ci il tarixdə 8.890,95 Avro, xx.xx.2022-ci il tarixdə 17.757,03 Avro və xx.xx.2022-ci il tarixdə 25.996,90 Avro dəyərində mallar ölkəyə idxal olunmuşdur. Bu sənədlər üzərində "xxxx" ASC tərəfindən müvafiq qeydlər aparılmış, o cümlədən sonuncu bəyannamədə 3.861,06 Avro dəyərində malın digər ödənişlə bağlı olduğu göstərilmişdir (yəni hazırki köçürmə ilə bağlı gətirilən malın dəyəri 22.138,84 Avro təşkil edir). Beləliklə müəyyən edilir ki, Şəxs MMC Niderlandda fəaliyyət göstərən “X6 B.V.” şirkəti ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə əsasında xx.xx.2020-ci il tarixli, ********** saylı proforma-invoys üzrə 48.783,82 Avro məbləğində olan vəsaiti xx.xx.2020-ci il tarixdə bank vasitəsilə həmin şirkətə köçürmüş, bunun müqabilində həmin vəsait hesabına alınan 8.890,95 Avro və 17.757,03 Avro dəyərində mallar qanunvericiliklə müəyyən edilmiş 02 il müddəti ərzində ölkəyə vaxtında idxal olunsalar da, 22.135,84 Avro dəyərində malın vaxtında ölkəyə gətirilməsi təmin edilməmiş (xx.xx.2022-ci il tarixdə), gecikməyə yol verilmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən xaricə köşürülmüş valyuta vəsaiti hesabına alınan malların bir qismi qanunvericiliklə müəyyən edilmiş vaxtda ölkəyə gətirilsə də, 22.135,84 Avro dəyərində malın vaxtında deyil, gecikmə ilə gətirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı aradan qaldırmır. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törəilmiş inzibati xətanın zərərli nəticələrinin Şəxs MMC tərəfindən aradan qaldırılmasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda şirkətin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 22.135,84 Avro valyuta vəsaiti məbləğinin 20 faizi – 4.427 (dörd min dörd yüz iyirmi yeddi) Avro 16 (on altı) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar