Məhkəmə qərarları › İş №3(006)-3217/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3217/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3217/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 01 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərdi ki, Şəxs 31 avqust 2022-ci il və 01 sentyabr 2022-ci il tarixlərdə gecə saatlarında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək Zərərçəkmiş şəxs və onun ailə üzvlərini təhqir etmiş, səs-küy salmış, evin pencərələrini daş ataraq sındırmışdır. Bundan sonra həmin şəxsin barəsində DİN-nin 102 zəng xidmətinə zəng vurularaq məlumat verilmişdir. Polis əməkdaşları münaqişənin qarşısının alınması istiqamətində tədbirlər görmüş və Şəxs saxlayaraq polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsində onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etmək istəyir ki, Şəxs hərəkətləri ilə bağlı əvvəllər də inzibati qaydada tədbirlər görülmüşdür. İzahatının sonunda Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs qızı Könül adlı şəxslə uzun müddət qeyri-rəsmi münasibətdə olmuş və son zamanlarda onlar arasında olan münasibət pozulmuşdur. O, yaranmış vəziyyətlə əlaqədar olaraq, Könül adlı şəxslə ünsiyyət yaradaraq aralarında olan mübahisəni həll etməyə çalışsa da, qarşı tərəf müxtəlif bəhanələr gətirərək onunla görüşmək istəməmişdir. 31 avqust 2022-ci il və 01 sentyabr 2022-ci il tarixlərdə gecə saatlarında o, sərxoş vəziyyətdə olduğundan etdiyi hərəkətlərin nəticəsini tam olaraq dərk etmədən Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək hal-hazırda tam olaraq xatırlamadığı hərəkətləri etmişdir. Əməlindən peşmandır və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 01 sentybar 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdə saat 02:30-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən, saat 02:30dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar