Məhkəmə qərarları › İş №3(006)-3227/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3227/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3227/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 21-ci polis bölməsinin sahə inspektoru X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (xxxxxxx), subay, Bakı şəhəri, R.Axundov küçəsi, ev 21, mənzil 23-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 04 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 izahatında göstərdi ki, 04 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 35 saylı məktəbin dövlət başçısı tərəfindən açılışı ilə əlaqədar keçirilən tədbir zamanı iki nəfər vətəndaş orada olan icra hakimiyyəti orqanı nümayəndələri ilə mübahisə edib, ucadan səs-küy saldıqları üçün idarənin Post-patrul xidməti bölüyünün əməkdaşları onlara yaxınlaşıb sakitliyə dəvət etmişlər. Lakin bu şəxslər polisin qanuni tələblərinə əməl etməyərək mübahisəyə davam etmişlər. Daha sonra onları polis bölməsinə dəvət etsələr də, buna məhəl qoymayıb tabesizlik nümayiş etdirmişlər. 21-ci polis bölməsinə təhvil verildikdən sonra orada bu şəxslərin Şəxs və X4 olduğu müəyyən edilmiş və tərəfindən onların barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən obyektdə oğlu ilə birlikdə çayçı kimi fəaliyyət göstərir. 04 sentyabr 2022-ci il tarixdə yaxınlıqda yerləşən məktəbin açılışı ilə əlaqədar ora gələn icra hakimiyyəti orqanı nümayəndələri onlarla kobud rəftar etmiş, obyekin qarşısını bağlamağa cəhd etmişlər. Bununla əlaqədar onlar arasında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları bu yerə gəlmiş, onları sakitçiliyə dəvət etsələr də, sonradan zorla polis bölməsinə gətirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar