Məhkəmə qərarları › İş №3(006)-324/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-324/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-324/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18874095 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda onun tərəfindən C.Hacıbəyli küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması) törətdiyi qeyd edilmişdir. O, xx.xx.2024-cü il tarixli, EQ 18874095 saylı inzibati tənbeh vermə haqqında qərarla 80 manat məbləğində cərimə edilmişdir. O, idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qeyd edilən yerdə üfüqi nişanlama xətlərinin tələbinə əməl etmiş, sola və ya geriyə dönmə qaydalarını pozmamışdır. Belə ki, həmin yolda olan üfüqi deyil, qırıq-qırıq nişanlama xətti olmuşdur. Belə olan halda isə həmin yolda dönmə heç bir inzibati hüquq pozuntusu hesab edilmir. Polis əməkdaşı isə qeyd edir ki, həmin üfüqi xətt əvvəllər qırıqqırıq nişanlama xətti olmuş, lakin sonradan həmin xəttin rəngi pozulmuşdur. O, hesab edir ki, haqsız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 80 manat məbləğində cərimə edilmişdir. Digər tərəfdən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən həmin protokola əlavə edilən fotoşəkil və ya videogörüntüdən də görünür ki, bu yolda olan xətt qırıq-qırıq nişanlama xəttidir. Göstərilənləri nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18874095 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X3 şikayətə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və həmin ünvanda əvvəllər də sola və ya geriyə dönmə hərəkətlərini yerinə yetirmişdir. Orada yol nişanı qaydalarının dəyişməsindən məlumatsız olmuşdur. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18874095 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 20:14-də idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir; - Baş Dövlət Yol Polisi İdarəsindən əldə olunmuş şəkillərdən görünür ki, “Renault Megane” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək geriyə dönmə əməliyyatını aparır. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə 1.3 üfüqi nişanlanma xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır (69-cu maddənin Vİ hissəsinin 4-cü bəndi) və bu xətti kəsib keçmək qadağandır (69-cu maddənin Vİİ hissəsinin 1-ci bəndi). Beləliklə müəyyən edilir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 20:14-də idarə etdiyi “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində hərəkətdə olarkən 1.3 üfüqi nişanlanma xəttinin tələbinə riayət etməyərək onu kəsib keçərək geriyə dönmə əməliyyatını etdiyinə görə haqlı olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18874095 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18874095 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar