Məhkəmə qərarları › İş №3(006)-3259/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3259/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3259/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Bakı şəhər Statistika İdarəsinin nümaprotokolu tərtib etmiş şəxs: yəndəsi X1 Barəsində icraat aparılan şəxs: "xxxx" MMC-nin (indiki Şəxs MMC) nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" MMC (indiki Şəxs MMC) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC (indiki Şəxs MMC) 2022-ci ilin aylıq üzrə “4-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı kimi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları vaxtında dövlət statistika orqanlarına təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 izahat verərək bildirdi ki, "xxxx" MMC-nin (indiki Şəxs MMC) 2022-ci ilin aylıq üzrə “4-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı dövlət statistika orqanlarına təqdim etməli idi. Lakin iyul ayı üzrə həmin sənəd hesabat ayından sonrakı ayın, yəni avqust ayının 18-də 03 gün gecikmə ilə təqdim etmişdir. Şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aylıq üzrə “4-əmək” formalı rəsmi statistik hesabatın göndərildiyi iddia edilsə də, həmin tarixdə sistemə giriş-çıxışın olmadığı aşkar edilmişdir. Eyni zamanda qovluqda saxlanılmış “pdf” faylının boş (sıfır) olduğu müəyyən edilmişdir. Halbuki şirkətdə 400-dən artıq işçi çalışır. Bu hal aşkar olunduqdan sonra şirkətlə əlaqə saxlanılmış və “4-əmək” formalı rəsmi statistik hesabatın göndərilmədiyi bildirilmişdir. Yalnız bundan sonra xx.xx.2022-ci il tarixdə iyul ayı üzrə həmin sənəd (məlumatlar) 03 gün gecikmə ilə təqdim edilmişdir. Şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs "xxxx" MMC-nin (indiki Şəxs MMC) nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, cəmiyyət 2022-ci ilin aylıq üzrə “4əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı 12 avqust 2022-ci il tarixində elektron sistem üzərindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinə təqdim etmişdir. 18 avqust 2022-ci il tarixində idarənin nümayəndəsi Nərmin Novruzova şirkətin məsul işçisi ilə əlaqə saxlayaraq statistik hesabatın göndərilmədiyini iddia etmişdir. N.Novruzova statistik hesabatın sistemdə qeyd edilmədiyini və həmin hesabatın kağız formada tərtib edilərək onun elektron poçt ünvanına göndərilməsinə ehtiyac olduğunu bildirmişdir. N.Novruzova ilə olan telefon danışığı zamanı şirkətin məsul işçisi elektron sistemə yenidən daxil olmuş və qovluqda saxlanılmış “pdf” fayllara baxış keçirərkən məlumatlar bölməsinin boş olduğunu aşkar etmiş və dərhal müvafiq hesabatları kağız formada tərtib edib cəmiyyətin möhürü və imzası ilə təsdiqləyərək “pdf” formatında N.Novruzovanın elektron poçt ünvanına göndərmişdir. Cəmiyyətin məsul işçisi 2022-ci ilin iyul ayı üçün “4əmək” formalı statistik məlumatları əks etdirən hesabatı vaxtında, yəni 12 avqust 2022-ci il tarixində elektron sistem vasitəsilə təqdim etmişdir. Sübut olaraq ekran görüntüsündən də göründüyü kimi hesabat vaxtında və tələb olunan qaydada elektron sistemə yüklənmişdir. İdarənin istinad etdiyi 18 avqust 2022-ci il tarixində göndərilən hesabat 12 avqust 2022-ci il tarixində elektron sistemə yüklənilən hesabatın kağız formada tərtib edilmiş və imzalanaraq möhürlə təsdiq edilmiş nüsxəsidir, hansı ki, məhz elə idarənin əməkdaşının tələbinə əsasən tərtib edilmişdir. Bununla belə, hesabatın vaxtında elektron sistemə təqdim edilməsinə baxmayaraq, idarənin əməkdaşı Nərmin Novruzova ilə əlaqə saxlayan zaman hesabatın elektron sistemdə mövcud olmadığı aşkar olunmuşdur. Hesabatın elektron sistemə yükləndikdən sonra silinməsi isə artıq cəmiyyətin iradəsindən və texniki imkanlarından asılı olmayan və idarənin elektron sisteminin özündə baş verən texniki nasazlıq ilə əlaqədardır. Hər bir halda sonradan baş vermiş texniki nasazlıq cəmiyyətin statistik hesabatı müəyyən edilmiş qaydada vaxtında təqdim etməsi faktını aradan qaldırmır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqdim olunmuş müvafiq sistemdən olan çıxarışa əsasən "xxxx" MMC (indiki Şəxs MMC) tərəfindən “4-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı vaxtında təqdim edilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC (indiki Şəxs MMC) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. "xxxx" MMC-nin (indiki Şəxs MMC) nümayəndəsinin məsələ ilə bağlı gətirdiyi dəlilə dair məhkəmə qeyd edir ki, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2014-cü il tarixli, 15/06 saylı qərarı ilə təsdiq edilmiş “İşcilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4əmək №-li aylıq rəsmi statistika hesabatı formasında (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2014-cü il tarixdə **********1506 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyrikommersiya təşkilatları tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) realvaxt rejimində təqdim edilir: kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; mikro sahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük üzrə dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. Məhkəmədə "xxxx" MMC-nin (indiki Şəxs MMC) nümayəndəsi 2022-ci ilin aylıq üzrə “4-əmək” formalı “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” rəsmi statistik hesabatı onun təqdim edilməsi üçün müəyyən edilmiş son müddətdən əvvəl verilməsini iddia etsə də, məhkəmədə təqdim edilmiş sənədlərlə, o cümlədən müvafiq elektron sistemə baxış zamanı bunu müəyyən etmək mümkün olmamış, həmçinin həmin tarixdə sistemə giriş-çıxışın olmadığı aşkar edilmişdir. “Rəsmi statistika haqqında” Qanunun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin (indiki Şəxs MMC) məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MMC-nin (indiki Şəxs MMC) törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC (indiki Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar