Məhkəmə qərarları › İş №3(006)-3261/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3261/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3261/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə 28 May metrosu yaxınlığında olarkən cərimə edilmiş, cərimənin səbəbi kimi fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsi olmuşdur. O, həmin qərarla razı deyil, belə ki, pandemiya ərzində fərdi qoruyucu vasitədən düzgün istifadə etmiş və bütün qaydalara əməl etmişdir. Göstərilənlərə əsasən barəsində tətbiq edilmiş cərimənin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.E.Babazadə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və qərardan yalnız 3-4 ay sonra bildiriş vasitəsi ilə məlumatı olmuşdur. Belə ki, o, həmin vaxt telefon vasitəsilə kitab oxuyarkən fərdi qoruyucu vasitədən istifadə etmiş, həmin zaman ondan asılı olmayan səbəbdən maskası biraz aşağı enmiş, lakin bu halı polis əməkdaşına izah etməsinə baxmayaraq sonuncu tərəfindən bu hal nəzərə alınmadan barəsində protokol əsasında tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onun bu qərardan daha sonra, yəni 3-4 ay sonra sms bildiriş vasitəsi ilə məlumatı olmuşdur. Həmçinin qərar ona qanunvericiliklə müəyyən edilmiş hüquqları və vəzifələri izah edilmədən qəbul edilmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 22-ci PB-yə lazımi qaydada və məlumat verilsə də, Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, S.E.Babazadə həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasında olarkən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.E.Babazadə epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması halına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.E.Babazadənin barəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.E.Babazadənin barəsində Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.E.Babazadəyə məlumat verilməmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, öz rəy və mülahizələrini bildirmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, S.E.Babazadənin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun həmin zaman tibbi maskadan istifadə etməsi nəzərə alınmamış və sonuncunun barəsində polis əməkdaşı tərəfindən əsassız olaraq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və S.E.Babazadənin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 22-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 22ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 22-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar