Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3263/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 08 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 08 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 08.07.2021-ci il tarixdə, saat 16:00- 16:15 radələrində dostu ilə birlikdə “28 Mall” Ticarət Mərkəzində gəzərkən, hərəkətedici pilləkənlərə çatmamış tamamilə düzgün qaydada istifadə etdiyi tibbi maska yerə düşmüşdür. Həmin maskanı yenidən yerdən götürsə də, maska artıq istifadəyə yararsız olduğundan, onun istifadəsi sanitariya-gigiyena qaydalarına uyğun gəlmədiyindən, onun istifadəsi onun sağlamlığı üçün ciddi təhlükələrə yol aça biləcəyindən onu yenidən taxa bilməmişdir. Öz üzərində yeni tibbi maska olmadığından və qeyd olunan ərazidə yeni tibbi maska əldə etmək üçün müvafiq aptek və ya digər müəssisə olmadığından maskanı yenisi ilə əvəz edə bilməmişdir. Yeni maska əldə etmək məqsədilə hərəkət edən pilləkənlərlə aşağıya enmiş, lakin pilləkənlərdən yenicə enən zaman Nəsimi RPİ-nin əməkdaşı onlara yaxınlaşaraq, tibbi maskadan istifadə etməməsi səbəbindən ona cərimə yazılacağını bildirmişdir. Onun maskadan istifadə etməməsinin səbəbini polis əməkdaşına izah etməsinə baxmayaraq, o buna tamamilə məhəl qoymamış və artıq çirklənmiş olan tibbi maskadan istifadənin yararsız olduğunu, ondan istifadə edə bilməməsində onun təqsirinin olmadığını qətiyyən nəzərə almamışdır. Nəticə olaraq onun barəsində 08.07.2021-ci il tarixli EXP ******* saylı protokol tərtib olunmuş və o, epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə 100 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən barəsində tərtib olunmuş protokol əsasında başlanmış icraata xitam verilməlidir. İlk olaraq onu qeyd edir ki, onun yerə düşərək, çirklənmiş maskadan istifadə etməli olduğu heç bir sanitariya-gigiyena qaydalarına uyğun deyil, belə bir norma heç bir qanunda nəzərdə tutulmamışdır. Əksinə qanunlar, normativlər, gigiyenik qaydalar vətəndaşların sağlamlığının qorunmasına yönəlir və ona xidmət edir. Maskanın yerə düşməsi və çirklənməsi səbəbindən istifadə etməməsinin səbəbini polis idarəsinin əməkdaşına bildirməsinə baxmayaraq, onun tərəfindən bu halın aradan qaldırılması, yeni maska əldə etməsi üçün heç bir tədbir görülmədən və təqsirsizliyinə baxmayaraq barəsində protokol tərtib olunmuşdur. Onun maskadan istifadə etməməsinin səbəbi, maskanın yerə düşərək, çirklənməsi və istifadəyə tamamilə yararsız olması olmuşdur. Yəni maskadan istifadə olunmamasında o, tamamilə təqsirsiz olmuşdur. Ona görə də onun əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilən inzibati xətanın tərkib əlamətləri - mövcud olmadığından onun məsuliyyətə cəlb edilməsi əsassızdır. Qanunun tələbindən də göründüyü kimi, onun həmin inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmiş və onun təqsirli olmasına dair heç bir əsas yoxdur. Belə ki, həm onun özünün hadisə barədə verdiyi izahat, eyni zamanda polis idarəsində yazdığı ərizə, həm də hadisəyə şahid olmuş dostunun da izahatı bu əməldə onun təqsirsizliyini sübut edir. Bundan əlavə həmin ərizə ilə mövcud olan və sübut qismində istifadə oluna biləcək xüsusi texniki vasitələr- videokamera görüntüləri də araşdırılarsa onun təqsirsizliyini sübut edəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş 08.07.2021-ci il tarixli EXP1082271 saylı protokola əsasında qəbul edilmiş 16 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi K.E.Xankişiyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, maskasının istifadəyə yararsız olmasını polis əməkdaşına bildirməsinə baxmayaraq sonuncu tərəfindən barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-yə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolun çıxarışından görünür ki, K.E.Xankişiyev 08 iyul 2021-ci il tarixdə, saat 16:00-16:15 radələrində “28 Mall” Ticarət Mərkəzində olarkən istifadə etdiyi fərdi qoruyucu vasitəsi əlindən yerə düşmüş, o yeni maska almaq üçün ticarət mərkəzində hərəkət edən zaman ona polis əməkdaşı yaxınlaşaraq fərdi qoruyucu maskası olmadığını bildirmiş və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, K.E.Xankişiyevin 08 iyul 2021-ci il tarixdə “28 Mall” Ticarət Mərkəzində ünvanında olan zaman epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması səbəbindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, məhkəmə iclasında şikayətçinin izahatından da göründüyü kimi həmin tarixdə istifadə etdiyi fərdi qoruyucu vasitə olan tibbi maska əlindən şəxs üçün gigiyenik olmayan yerə düşmüş və artıq istifadəyə yararlı olmamışdır. Bunu ona yaxınlaşan polis əməkdaşına izah etməsinə baxmayaraq barəsində protokol tərtib edilmiş və K.E.Xankişiyevin barəsində Nəsimi RPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və K.E.Xankişiyevin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 08 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 08 iyul 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3263/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3263/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver