Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3265/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayət vermiş şəxs: X1 Qərarından şikayət verilən Bakı şəhər X11 İdarəsinin orqan: nümayəndəsi X2 iştirakları ilə Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, TP ******* saylı qərarla o, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əssasızdır. Ona görə ki, bu qərarın qəbul edilməsinə əsas olmuş İXP ******* saylı inzibati xəta haqqında protokola görə guya o, 02.09.2021-ci il tarixdə, saat 11:10-da “Chevrolet Malibu minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən mobil telefonu əlində saxlamaqla istifadə etmişdir. Onun qeyd olunan tarixdə və yerdə əlində telefon saxlamaqla nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı göstərilənlər həqiqətə uyğun deyil. Protokolda göstərilən tarixdə və yerdə nəqliyyat vasitəsini idarə edərkən o, heç bir qayda pozmadığı halda, polis əməkdaşı onu saxlamış və nəqliyyat vasitəsini idarə edərkən qaydalara əməl etmədiyimi bildirmişdir. O, polisdən hansı qaydanı pozduğunu soruşduqda, onun telefondan istifadə etdiyini bildirmişdir. Lakin onun telefonu avtomobilə “bluetooth” vasitəsilə qoşulu olduğunu və gələn zəngləri sükanda olan düymələr vasitəsilə idarə etdiyini, hətta kamera görüntülərinə baxıldığı təqdirdə əlində telefon saxlamaqla danışmadığını müəyyən olunacağını bildirsə də, polis buna ehtiyac olmadığını demişdir. O, polisdən dəfələrlə kamera görüntüsünə baxılmasını tələb etsə də, bunun bir nəticəsi olmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O da etiraz edib həmin protokolu və müvafiq qərarı tələb edib şikayət edəcəyini bildirmiş, bu zaman polisin onun haqlı olduğunu görüb barəsində heç bir qərar qəbul etməyəcəyini düşünmüşdür. Lakin bir müddət sonra avtomobili idarə edərkən polis onu saxlayıb ödənilməmiş cəriməsi olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində əsassız qəbul edilmiş 02.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 verdiyi şikayəti müdafiə onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X6 izahatında göstərdi ki, Ayxan Məmmədov tərəfindən verilmiş şikayət tam əsassızdır. Belə ki, o, Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru Vasif Əlimuradov tərəfindən saxlanılarkən avtomobili idarə edən zaman əlində telefondan istifadə etdiyini şəxsən özü etiraf etmişdir. A.Məmmədov “bluetooth” tətbiqi ilə qoşulu olduğunu desə də, saxlanıldıqda telefonu əlində olmuşdur. Şikayətin rədd edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 həmin tarixdə, saat 11:10-da Bakı şəhəri, S.Vurğun küçəsində “Chevrolet Malibu minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi üzrə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat,o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsivə inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edildi ki, Bakı şəhər X11 İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin törətdiyi xətanın mövcudluğuna və onun təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3265/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3265/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver