Məhkəmə qərarları › İş №3(006)-327/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-327/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-327/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin nümayəndəsi Möhbəliyeva Nigar Hidayət qızının, şikayətçi X4 və onun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə X1 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən “xxxx” MMC-nin Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxanov küçəsi, 23 A ünvanında fəaliyyət göstərən filialında (mağazasında) yoxlama apararaq MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokol tərtib etmişdir. Həmin protokola əsasən, MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə Y.Q.Rəhimov 600 manat cərimə edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol əsassız olaraq tərtib olunmuş və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Qeyd edir ki, X1 Sumqayıt Regional Bölməsi tərəfindən aparılmış nəzarət tədbiri əsasında tərtib edilmiş protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2013-cü il tarixli, 714-İVQ №-li “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı prinsipləri əsasında aparılır. Amma bu prinsiplər vergi orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda - plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 16.11 -ci maddəsinə əsasən Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə olan halda aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyata alınmadığı üçün nəticələr ləğv edilməldir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə əsasən: Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycab Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən: İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1 -ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1.2 və 135.1.3-cü maddəslərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2020 tarixli, MN ******* nömrəli protokolu əsasız hesab etməklə, MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Y.Q.Rəhimov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarda malları saxlanması və satışı zamanı temperatur rejiminə əməl edilməməsi ilə bağlı X2 tərəfindən yoxlama qanunsuz aparılmışdır. Belə ki, həmin yoxlamanın aparılması üçün Ədliyyə Nazirliyinin Dövlət Reyestrindən çıxarış olmalıdır. Lakin agentliyinin əməkdaşları MMC-yə daxil olduqda heç bir çıxarış təqdim etmədən və qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etmədən qanunsuz və əsassız olaraq yoxlama aparmış və həmin yoxlamanın nəticəsində MMC-nin direktoru barəsində inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin nümayəndəsi N.H.Möhbəliyeva bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə agentliyinə vətəndaş şikayəti daxil olmuş, həmin şikayətə əsasən monitorinq keçirilmiş, həmin zaman “xxxx” Market MMC-də Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1681 nömrəli Azərbaycan Respublikasının X1 fəaliyyətinin təmin edilməsi haqqında Əsasnaməsinə əsasən agentliyinin əməkdaşları yoxlama keçirmiş və MMC-də malların saxlanılması və satışı zamanı temperatur rejiminə əməl edilməməsi aşkar edilmişdir. Bundan başqa, o, bildirmişdir ki, agentlik tərəfindən yoxlamalar həmişə belə aparılmışdır. Lakin hazır ki, yoxlama vətəndaşın şikayəti əsasında fakta görə aparılmışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” marketin administratoru (vəzifəli şəxs) Y.Q.Rəhimov xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla malların saxlanılması və satışı zamanı temperatur rejiminə əməl edilməməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli şikayətçi Y.Q.Rəhimov tərəfindən verilmiş vəsatətdən görünür ki, Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsasında başlanılmış inzibati xətaya dair işə yaşadığı yer üzrə Nəsimi Rayon Məhkəməsində baxılması xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” marketdə vətəndaşın xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikasının X2nə müraciəti əsasında MMC-də monitorinq aparılmış, həmin zaman agentliyin əməkdaşları tərəfindən malların saxlanması və satışı zamanı temperatur rejiminə əməl edilməməsi müəyyən edilmiş və buna görə də “xxxx” marketin administratoru (vəzifəli şəxs) Y.Q.Rəhimov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 600 manat məbləğində cərimə edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Lakin Agentliyin əməkdaşları tərəfindən həmin qanunun normaları düzgün tətbiq edilməmiş, Ədliyyə Nazirliyinin Dövlət reyestrindən çıxarış alınmadan, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında kobud pozuntulara yol verilərək xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Y.Q.Rəhimovun əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar