Məhkəmə qərarları › İş №3(006)-3271/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3271/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3271/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tərtib etmiş şəxs: tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul xidmətinin bölüyünün inspektoru X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1995-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Laçın rayonu, Mığıdərə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 511.1.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 08 avqust 2024-cü il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində idarə etdiyi “Vaz 21074”” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, 08 avqust 2024-cü il tarixdə, təxminən saat 17:00 radələrində Bakı-Quba yolunun 6-cı km-də ona təhkim olunmuş avtomobillə xidmətdə olarkən “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə və təhükəli manevrlər etdiyini aşkar etmiş və buna görə həmin avtomobilə “saxla” işarəsi vermişdir. Daha sonra sürücüyə yaxınlaşıb özünü təqdim edib xəta haqqında ona məlumat verəndə, sürücü heç bir sənəd təqdim etməyəcəyini bildirmiş, polisin qanuni əmrinə tabe olmayacağını və yeri gəlsə özünə xəsarət yetirəcəyini söyləyərək sürətlə yerin səthində təkər izləri qoyub hadisə yerindən uzaqlaşmışdır. O da dərhal xidməti avtomobili onun arxasınca sürmüş və yolboyu sürücü yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratmışdır. Sürücüyə dəfələrlə “saxla” əmri verilsə də, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Uzun müddət təqibdən sonra həmin sürücü saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində, “Yeganə” şadlıq sarayının yaxınlığında süni tıxacla saxlanılmışdır. Saxlanılarkən bu şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmiş, sonra ərazidəki polis əməkdaşlarının köməkliyi ilə 20-ci polis şöbəsinə aparılmışdır. Sonradan Şəxs kimi məlum olna bu şəxsin hərəkətləri sosial şəbəkələrdə də yayılmışdır. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, arvadı hamilə olduğundan onu o, 08 avqust 2024-cü il tarixdə Masazır qəsəbəsindən yaşadığı evdən götürüb “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X1 gətirirdi, bu zaman arvadının ağrıları olduğu üçün maşını surətlə idarə edərək manevr qaydalarını pozmaq məcburiyyətində qalmışdır. “20 Yanvar” dairəsi istiqamətində olarkən yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq avtoxuliqanlıq etdiyi üçün idarə etdiyi maşının xüsusi duracağa aparılcağı bildiriləndə, o, vəziyyəti izah edib tələsdiyini söyləmiş, lakin polis əməkdaşı öz mövqeyində israrlı olduğundan o, avtomobilə əyləşib hərəkətinə davam etmiş və təqib olunduğunu görüb sürətlə hərəkət edərək yol-hərəkət qaydalarını pozmuşdur. Bir daha bu hərəkətə yol verməyəcək. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul xidmətinin bölüyünün inspektoru X5 ifadəsində bildirdi ki, o, iş yoldaşı X4 ilə birlikdə 08 avqust 2024-cü il tarixdə, təxminən saat 17:00 radələrində Bakı- Quba yolunun 6-cı km-də xidmətdə olarkən “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə və təhükəli manevrlər etdiyi aşkar olunaraq həmin avtomobilin sürücüsünə “saxla” işarəsi verilmişdir. Sonra F.Məmmədov sürücüyə yaxınlaşıb pozuntu barədə ona məlumat verib avtomobilin xüsusi duracağa yerləşdirilməsinin zəruri olduğunu söyləmiş, sürücü də heç bir sənəd təqdim etməyəcəyini deyib qanuni əmrə tabe olmamış və yeri gəlsə özünə xəsarət yetirəcəyini söyləyərək sürətlə yerin səthində təkər izləri qoyub hadisə yerindən uzaqlaşmışdır. Onlarda da xidməti avtomobillə bu sürücünü təqib etmiş, sonuncu yolboyu yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratmışdır. Sürücüyə dəfələrlə “saxla” əmri verilsə də, sonuncu buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirmişdir. Sürücü uzun müddət təqibdən sonra “Yeganə” şadlıq sarayının yaxınlığında süni tıxacla saxlanılmışdır. İş materiallarına əlavə edilmiş kompakt diskdəki görüntülərdən aydın olur ki, “Vaz 2107” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşının “saxla” əmrinə tabe olmur və hərəkətinə davam edir, avtomobili qəflətən yüksək sürətlə sürərək şəhərin müxtəlif küçələrində qərəzli şəkildə bir neçə dəfə sağ və sol tərəfdən manevrlər etməklə təhlükəli manevrlər edir, əks istiqamətdə olan yola çıxmaqla qəza şəraiti yaradır, yol nişanlarının tələblərinə və yol-patrul xidməti əməkdaşının “saxla” tələbinə əməl etmir, yolun səthində çoxsaylı təkər izləri buraxır, əhalinin dicliyini nümayişkaranə şəkildə pozur, yolu keçməkdə olan piyadaların həyat və sağlamlığını təhlükə altında qoyur. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkibi vardır. Bu xətanın məhkəmədə tədqiq olunmuş dəlillərlə onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə (511.1.1-ci maddə); mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə (511.1.2-ci maddə); mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına (511.1.3-cü maddə) görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə görə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbqi edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 avqust 2024-cü il tarixdən, saat 15:15-dən hesablansın. Qərarın icrası Baş Dövlət Yol Polisi İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar