Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3273/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Qərarından şikayət verilən orqan: Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 02.09.2021-ci il tarixdə, saat 09:00-da etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, **- SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə BNA ******* saylı qərarla barəsində cərimə tətbiq edilmişdir. Bununla əlaqədar o, Bakı Nəqliyyat Agentliyinə şikayət ünvanlayıb İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələblərinin pozulduğunu bildirsə də, ona qərarın düzgün qəbul olunduğunu deyib həmin Məcəllənin 115 və 134-cü maddələrinə uyğun qərar şəklində deyil, sadəcə yazılı cavab göndərmişlər. Həmin cavab onu qane etməmişdir. Belə ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmaqla cərimə tətbiq olunduğunu hesab etdiyindən həmin Məcəllənin 53.2-ci maddəsinə uyğun iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X3 izahatında göstərdi ki, X2 idarə etdiyi “Opel Astra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə L.Tolstoy küçəsinin kəsişməsində 02 sentyabr 2021-ci il tarixdə, saat 08:58:31-09:01:51 aralığında 3.27 (Dayanmaq qadağandır) yol nişanının təsir dairəsində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin 02 sentyabr 2021-ci il tarixli tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır və təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsinin tələbləri əsasında deyil, 124.5-ci və 124.6-cı maddələrinə uyğun aparılır. Həmin maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı Agentlik tərəfindən şəhərin müxtəlif ərazilərində kameralar quraşdırılmış və əməkdaşlar tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 06.07.2018-ci il tarixli, 181 saylı Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Bununla belə həmin maddə İnzibati Xətalar Məcəlləsinin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə təkcə 122.1-ci maddədə göstərilən deyil, həmçinin İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsi üzrə digər maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 02.09.2021-ci il tarixdə, saat 09:01-də Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində idarə etdiyi “Opel Astra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir; Bakı Nəqliyyat Agentliyinin internet portalından olan fotoşəkildən görünür ki, 02.09.2021-ci il tarixdə, saat saat 08:58:31-09:01:51 aralığında “Opel Astra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ərazisində 3.27 (Dayanmaq qadağandır) yol nişanının təsir zonasında durmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi vəya düşməsi, yaxud yüklərin yığılmasıvəya boşaldılmasıüçün zəruri olan vaxtərzindənəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətəgətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin: 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X5 Bakı Nəqliyyat Agentliyinin 02.09.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “Opel Astra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. İ.Quliyev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim etdiyi fotogörüntüdən də aydın olur ki, 02.09.2021-ci il tarixdə İ.Quliyevin idarə etdiyi “Opel Astra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda İ.Quliyev iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X5 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3273/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3273/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver