Məhkəmə qərarları › İş №3(006)-3283/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3283/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3283/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin yol-patrul xidməti inspektoru X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 05 avqust 2024-cü il tarixdə, saat 15:46-da “X6” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış və yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotikdən istifadə etməsi faktı aşkar olunuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 05 avqust 2024-cü tarixdə Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və onun narkotik vasitələrdən istifadə edərək avtomobil idarə etməsinə şübhələr olduğu qeyd edilərək yoxlamadan keçməsi tələb edilmişdir. O, polis əməkdaşları tərəfindən müyainə olunması üçün aparılmış və müayinənin nəticəsi olaraq onda kannobinoidlərin qəbuluna dair akt tərtib olunmuşdur. Halbuki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, hadisə vaxtı hər hansı narkotik vasitə qəbul eməmişdir. Analizin nəticəsi ilə razılaşmır və hesab edir ki, qərəzli olaraq onun barəsində belə bir akt qəbul olunmuşdur. Bunun sübutu olaraq sonradan özü könüllü olaraq “Bakı şəhər Narkoloji Mərkəzi” X4 müraciət edərək müayindən keçmiş və həmin akta əsasən onun bədənində hər hansı narkotik vasitə və psixotrop maddənin qəbulu aşkar olunmamışdır. Qeyd olunan aktı məhkəməyə təqdim edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024cü il tarixli, 1/831 nömrəli aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və sonuncunun kannabinod qrupuna aid maddə qəbul etdiyi aşkarlanmışdır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 02 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji mərkəzi” X5 7317 nömrəli aktından görünür ki, Şəxs sidiyindən götürülmüş müayinə zamanı onda narkotik vasitələrin və psixotrop maddələrin qəbulu aşkar olunmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokola xitam verilməlidir. Belə ki, müayinə zamanı Şəxs kannabinoid qrupuna aid maddə qəbul etdiyi aşkarlanmış və bu barədə 1/831 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib olunmuşdur. Lakin Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji mərkəzi” X2 analiz vermiş, həmin analiz nəticəsində Şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin yol-patrul xidməti inspektoru X1 tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar