Məhkəmə qərarları › İş №3(006)-3298/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3298/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3298/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100- 01271/25 nömrəli, 16 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "GFC” MMC-nin ünvanına Rusiyadan 99JE821/99ZE821 nömrəli nəqliyyata- vasitəsilə idxal edilmiş **********8827 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək gömrük organına bəyan edilmiş mallara dair, gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "GFC” MMC-nin ünvanına Rusiyadan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş gaydada mallar gömrük sərhədini keçənədək elektron-"qaydada qısa idxal bəyannaməsi təgdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı "GFC” MMC-nin ünvanına Rusiyadan idxal edilmiş malların daşındığı 99JE821/99ZE821 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 21:06-da daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********7734 sprğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə, saat 20:20-də gömrük orqanına təqdim edilmişdir. Nəticədə "GFC” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM 38-1-ci maddəyə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, xx.xx.2025-ci il tarixli, № 00100/01246 nömrəli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən Şəxs MMC-nin ünvanına Rusiyadan idxal edilmiş yüklərə dair **********7734 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2024cü il tarixdə saat 20:20-də gömrük orqanına təqdim edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən başlanılmış icraata xitam verməyinizi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan raportdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) ünvanına 99JE821/99ZE821 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilən mallar **********8827 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmişdir. **********8827 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş mallara dair tərtib edilmiş **********7734 nömrəli qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda verilməmişdir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC tərəfindən verilmiş etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş çıxarışa və gömrük bəyannaməsinə əsasən bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar