Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3299/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X6 "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-01247/25 nömrəli, 16 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/010461 nömrəli xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4720 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Türkiyədən 10UY084/99ZG984 nömrəli nəqliyyat vasitəsində gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı, sözügedən malların daşındığı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 13.27-də daxil olduğu, lakin həmin yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********8427 sorğu nömrəli qısa idxal bəyannaməsinin isə xx.xx.2024-cü il tarixdə, saat 13:24-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. Nəticədə, "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X6 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati orqanın mövqeyinə görə "xxxx" QSC üçün Türkiyədən 10UY084/99ZG984 nömrəli nəqliyyat vasitəsilə mallar gətirilərkən həmin avtomobil Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 13:27-də daxil olmuş, həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara görə tərtib edilmiş **********8427 nömrəli qısa idxal bəyannaməsi isə mallar gömrük sərhədini keçməmişdən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda, rəsmiləşdirmək üçün xx.xx.2024-cü il saat 13:24-də sərhəd gömrük orqanına göndərilmiş, nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermiş və "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Gömrük orqanının mövqeyi ilə razı deyil və bununla əlaqədar aşağıdakıları bildirir. "xxxx" QSC ilə "xxxx" Şirkəti arasında bağlanmış müqaviləyə əsasən Türkiyədən göndərilən malı (pnevmatik əyləclər və onların hissələri) daşıyan 10UY084 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 13:27:43-də daxil olduğu, qısa idxal bəyannaməsinin isə gömrük orqanına həmin gün saat 13:24:54-də elektron formada verildiyi gömrük orqanın məhkəməyə təqdim etdiyi iş materialları ilə təsdiq olunur. Gömrük orqanı bununla da malın gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında verildiyini təsdiq etmiş və bu hal işin mübahisə olunmayan tərəfidir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından aydın görünür ki, qısa idxal bəyannaməsinə münasibətdə 3 şərt nəzərdə tutulub: qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilməlidir; qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilməlidir; qısa idxal bəyannaməsi elektron formada verilməlidir. Əməlin inzibati xəta hesab edilməsi və maddədə nəzərdə tutulan sanksiyanın tətbiq edilməsi üçün bu əlamətlərin məcmu halında mövcud olmalı və sübutetmə yükü gömrük orqanının üzərindədir. Gömrük Məcəlləsinin 113-cü maddəsində qısa idxal bəyannaməsinin təqdim edilməsi öhdəliyi müəyyən olunub. 113.1-ci bəndinin tələbinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi hallan istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 114.1-ci bəndinə görə qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanı ilə Nazirlər Kabinetinin üzərinə bir sıra tapşırıqlar qoyulmuşdur ki, bunlardan biri də, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.3-cü bəndində nəzərdə tutulmuş gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsinin qaydalarını müəyyən edilməsi idi (Fərmanın 1.2.5-ci yarımbəndi). Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları" təsdiq edilmişdir ki, həmin “Qaydalar”ın 13.1 və 13.4-cü yarım bəndlərində qısa idxal bəyannaməsinin təqdim edilməsi və onun təqdim edilməsinin mümkünlüyünün son müddəti müəyyən edilmişdir. Belə ki, “Qaydalar”ın 13.1-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilər, 13.4-cü yarımbəndinə görə isə məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Beləliklə, qanunvericilik normalarının müddəalarından göründüyü kimi, qısa idxal bəyannaməsi mallar (malları daşıyan nəqliyyat vasitəsi) gömrük ərazisinə gətirilməzdən əvvəl (gömrük sərhədini keçənədək) və elektron formada verilməlidir. İXM-in 485.2-ci, Gömrük Məcəlləsinin 113-cü maddələrinə görə inzibati məsuliyyətə səbəb - mallar (malları daşıyan nəqliyyat vasitəsi) gömrük sərhədini keçənədək qısa idxal bəyannaməsinin verilməməsidir. Halbuki iş materialları ilə də təsdiq olunur malları daşıyan nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi elektron qaydada gömrük orqanına təqdim olunub. İşin hallarından göründüyü kimi, “Bakı Metropoliteni" QSC tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmadığına görə İXMnin 53-cü maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 təqdim edilmiş etiraz ərizəsinə uyğun çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01247/25 nömrəli, 16 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan 3-33-1100/012/010461 nömrəli xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" QSC (VÖEN: **********) ünvanına 10UY084/99ZG984 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilən mallar **********4720 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmişdir. **********4720 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş mallara dair tərtib edilmiş **********8427 nömrəli qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda verilməmişdir. Bununla yanaşı qısa idxal bəyannaməsinin 16-cı qrafası bəyannaməylə uyğunsuzluq təşkil edir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş çıxarışa əsasən bəyan olunan yük Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 13.27-də daxil olmiş, lakin həmin yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********8427 sorğu nömrəli qısa idxal bəyannaməsi isə xx.xx.2024-cü il tarixdə, saat 13:24-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilmişdir. Bununla da, bəyan olunan yük üçün qısa idxal bəyannaməsi Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinin tələbinə zidd olaraq vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" QSC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən ən azı 1 (bir) saat əvvəl verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3299/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3299/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver