Məhkəmə qərarları › İş №3(006)-3313/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3313/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3313/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: Tamer Tanrıverdinin iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “X10 İnşaat Sanayi ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Tamer Tanrıverdi qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində inzibati tənbeh növü kimi 3.000 manat inzibati cərimə tətbiq edilmişdir. Müfəttişliyin tərtib etdiyi protokol və qərar qanunsuz və əsassız olması səbəbindən ləğv edilməlidir. Çünki heç bir faktla sübuta yetirilməyən protokol və qərar işin faktiki hallarını özündə əks etdirmir. Protokolda qeyd edilmişdir ki, şəxs xx.xx.2024-cü il tarixdən hazırki vaxta qədər əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olur. Lakin protokolda bu faktı sübuta yetirəcək heç bir dəlil təqdim edilməmişdir. Halbuki, əmək müqaviləsi qüvvəyə minmədən işlədiyi iddia olunan X1 14 iyun 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməklə əmək fəaliyyəti dayandırılmışdır. Əlavə olaraq da işçi 19 iyun 2024-cü il tarixdə ölkəni tərk etmişdir. Bu səbəbdən də Müfəttişliyin iddia etdiyinin əksinə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddənin pozuntusuna əsas verən heç bir faktiki hal olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta hadisəsi mövcud olmamaqla yanaşı, bildiriş də düz tərtib edilməmişdir. İzahatların alınması ilə bağlı 3-17-5/2-37455/2024 nömrəli bildiriş 12 iyun 2024-cü il tarixdə tərtib edilməsi sual doğurmaqla yanaşı, dolayı yolla Müfəttişliyin ancaq “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən istifadə etməklə reallığı işin faktiki hallarını araşdırmadan formal şəkildə tətbiq olunduğunu sübuta yetirir. Digər tərəfdən də 12 iyun 2024-cü il tarixli bildiriş göndərilməsi Müfəttişliyin pozuntu haqqında məlumatlı olmasını sübut edir. Lakin protokollar 02 iyul 2024-cü il tarixdə tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə görə yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Lakin, hazırki halda açıq aşkar görünür ki, inzibati məsuliyyətə səbəb olan əməl faktiki olaraq törədilməmişdir. Ümumiyyətlə işin faktiki halları ilə Daxili İşlər Nazirliyindən əldə edilən “sübutlar” arasında onların dəlil kimi qiymətləndirilməsinə rəvac verən heç bir əsas olmamaqla, özü-özlüyündə sübutedici hal olaraq qiymətləndirilə bilməz. Müfəttişlik tərəfindən protokolun tərtib edilməsinə əsas olan “sübut” nə fiziki olaraq, nə də başqa formada ona təqdim edilməmişdir. Bu cür hal çəkişmə prinsipinin mahiyyətinə ziddir. Hətta qanunvericilikdə sübutların təqdim edilməsi üçün xüsusi müddətlərin nəzərdə tutulması da bununla bağlıdır ki, qarşı tərəfin arqumentlərini xüsusilə də bu arqumentlərin əsası olan faktları aydınlaşdırmaq imkanını, ədalət mühakiməsində şəffaflığı təmin etsin. Lakin Müfəttişlik onun hüquqlarını pozaraq nə ona inzibati xəta icraatının sübutlarını təqdim edir, nə də işin faktiki hallarının müəyyən etməyə çalışmır, yalnız “formal” əsasla kifayətlənir. Digər tərəfdən Müfəttişliyə verilmiş izahatda da qeyd edilir ki, podratçı şirkət olaraq “PMD” şirkəti ilə olan podrat müqaviləsi əsasında Qarabağda fəaliyyət göstərir. Bu səbəbdən də bütün icazələr Sifarişçi tərəfindən alınır və həmin icazələri onlar faktiki olaraq görə bilmir. Digər tərəfdən də Sifarişçi onlarla işçiləri arasında olan əmək müqavilələrinin müddətini dəqiq bilmədiyi üçün icazə alınarkən layihənin icra müddətinə uyğun formada icazə alır. Bu səbəbdən də sifarişçini əmək müqaviləsinə xitam verilərkən icazənin ləğv edilməsi barədə lazımi qaydada xəbərdar etmişlər. Lakin sifarişçi icazəni ləğv etməmişdir. Halbuki icazənin uzun müddətli alınması heç bir halda əmək müqaviləsi qüvvəyə minmədən əmək fəaliyyəti ilə məşğul olmanın əsası hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi Tamer Tanrıverdi şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X10 İnşaat Sanayi ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X5 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli, 153/2024 saylı əmrə əsasən X6 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir; • X4 məxsus pasportdan aydın olur ki, o, 19 iyun 2024-cü il tarixdə ölkəni tərk etmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X10 İnşaat Sanayi ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X5 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilsə də, X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, o cümlədən işçi X6 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə və onun 19 iyun 2024-cü il tarixdə ölkəni tərk etməsinə hallarına qiymət verilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar