Məhkəmə qərarları › İş №3(006)-3320/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3320/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3320/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal A” yaşayış kompleksi mənzil 62 ünvanında yaşayan Şəxs barəsində Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 28.10.2021-ci il tarixdə, saat 18:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmir Yolu Vağzalı ərazisində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, 28.10.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmir Yolu Vağzalı ərazisində polis əməkdaşına yaxınlaşaraq siqaretdən istifadə etmək məqsədilə alışqan istəmiş, lakin polis əməkdaşı ona həmin ərazidə siqaret çəkməyin qadağan olunduğunu bildirmişdir. Lakin o, həmin vaxt əsəbi olduğundan polis əməkdaşı ilə uca səslə danışmışdır. Bundan sonra digər polis əməkdaşları həmin əraziyə gələrək onu polis idarəsinə dəvət etmişlər. O əvvəlcə buna etiraz etmiş və buna səbəb olmadığını bildirsə də, sonradan heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Orada baş vermiş hadisə barədə izahat vermiş, daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun tərəfindən heç bir inzibati xəta törədilməmiş, sadəcə olaraq polis əməkdaşı ilə onun arasında inzibati xəta kimi qiymətləndirilməli olmayacaq dərəcədə mübahisə yaşanmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 verdiyi izahatında bildirmişdir ki, 28.10.2021-ci il tarixdə, saat 18:15 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmir Yolu Vağzalı ərazisində xidmət aparan polis əməkdaşları ilə mübahisə edib onların qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Hadisə yerində olan X5 Polis İdarəsinin əməkdaşları onu sakitləşməyə və ictimai asayişi pozmamağa dəvət etsələr də, həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etməyə davam etmişdir. Bu səbəbdən polis əməkdaşları Şəxs saxlayaraq X5 Polis İdarəsinə gətirmişlər və tərəfindən bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin polis nəfəri X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 28.10.2021-ci ildə, saat 18:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmir Yolu Vağzalı ərazisində xidmət aparan zaman Şəxs ona yaxınlaşaraq siqaretdən istifadə etmək üçün alışqan istəmişdir. O isə həmin şəxsə qeyd olunan ərazidə siqaretdən istifadə etməyin qadağan olunduğunu bildirmişdir. Bu zaman Şəxs onunla kobud formada danışmış, o da həmin şəxsi nizam-intizama dəvət etmiş, ictimai asayişi pozmamasını bildirmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə heç bir məhəl qoymayaraq onunla mübahisə etmiş və ictimai asayişi pozmaqda davam etmişdir. Bundan sonra həmin şəxsi avtopatrula əyləşdirərək X5 Polis İdarəsinə aparmışlar. Məhkəmə iclasında iştirak edən Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin polis nəfəri X4 da şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar