Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3324/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC mülkiyyətində olan “Mersedes Benz V 250” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19 may 2022-ci il tarixdə, saat 14:02-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs MÜNASİB SƏNAYƏ TƏCHİZAT MMC-nin və protokolu tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin DYPŞ-nin "xxxx" MMC-yə ünvanladığı sorğudan görünür ki, həmin MMC-nin mülkiyyətində olan “Mersedes Benz V 250” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19 may 2022-ci il tarixdə, saat 14:02-də tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, hazırki halda "xxxx" MMC-nin mülkiyyətində olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumat əldə olunması üçün müvafiq sorğunun həmin MMC-yə təqdim edilməsi və ya çatdırılması məhkəmə iclasında sübut edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin xəbərnamənin üzərində SS762858212AZ ştrix kodu qeyd edilmişdir. Lakin, “Azərpoçt” poçt göndərişlərinin izlənilməsi sisteminə əsasən müəyyən edilmişdir ki, həmin ştrix kod üzrə heç bir məlumat mövcud deyildir. Bundan başqa, poçt göndərişinin verilməsi haqqında həmin xəbərnamədə onun kim tərəfindən (yəni adı, soyadı, atasının adı) qəbul edilməsi göstərilməmişdir. Bununla da, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3324/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3324/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver