Məhkəmə qərarları › İş №3(006)-3328/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3328/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3328/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında 21-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: Həsənov İlkin İslam oğlunun Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 02, mənzil 86-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş 31.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 31 oktyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən “Hollywood” klubunun qarşısında ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədərək xırda xuliqanlıq etmiş, habelə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru Həsənov İlkin İslam oğlu izahat verərək göstərdi ki, 31.10.2021-ci il tarixdə, saat 00:30 radələrində polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində xidmətdə olarkən “Hollywood” klubunun qarşısında adlarını sonradan müəyyən etdikləri Şəxs və digər iki nəfər şəxsin arasında dava düşdüyünü görüb onlara yaxınlaşaraq aranı sakitləşdirməyə çalışmışlar. Lakin Şəxs və digərləri polislərin qanuni tələblərinə məhəl qoymayıb onların ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışlar. Polis əməkdaşları onları işlətdikləri ifadələrə və əməllərinə görə polis bölməsinə dəvət etdikdə həmin şəxslərdən biri olan Könül Əliyeva post patrul xidmətinin avtomobilinə əyləşməkdən boyun qaçırıb ayaqqabısının arxa dabanı ilə maşının arxa sol tərəfdən şüşəsini sındırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 31.10.2021-ci il tarixdə, saat 00:30 radələrində Nəsimi rayonu, S.Rüstəm küçəsində “Hollywood” klubunun qarşısında olarkən tanışı Könül Əliyevanın maşını idarə etmək istəməsi səbəbi ilə digər tanışı Xəyyam Vəliyev arasında mübahisəsi yaranmışdır. Bu zaman polis əməkdaşları yaxınlaşıb onları bölməyə dəvət etdikdə o və tanışları içkinin təsiri altında olmuş, Könül Əliyeva da post patrul xidmətinin avtomobilinə təpiklə zərbə vurub onun şüşəsini sındırmışdır. Daha sonra Könül öz hərəkətlərini idarə edə bilməyib polislərə əl-qol atmış, o isə aranı sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X5 izahat verərək göstərdi ki, 31.10.2021-ci il tarixdə, saat 00:30 radələrində Nəsimi rayonu, S.Rüstəm küçəsində iş yoldaşları Elçin Paşayev və Elçin İsmayılovla birlikdə xidmətdə olarkən orada yerləşən “Hollywood” klubunun qarşısında 3 nəfərin toplaşıb uca səslə qışqıraraq dalaşdığını müşahidə etmişlər. Onlar bu şəxsləri sakitləşdirməyə çalışsalar da, adları sonra məlum Könül Əliyeva, Fərid Tağızadə və Xəyyam Vəliyev onların qanuni tələblərinə məhəl qoymayıb hərəkətlərini davam etdirmiş, onlara əl-qol atmışlar. Bu səbəbdən həmin şəxsləri polis bölməsinə dəvət edib xidməti avtomobilə əyləşdirdikdə Könül Əliyeva maşının arxa sol yan şüşəsini təpiklə sındırmışdır. Eyni zamanda bölmədə məlum olmuşdur ki, Xəyyam Vəliyevin barəsində Nəsimi Rayon Polis İdarəsində cinayət işi var və onun barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunub. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfərləri X4 və X7 hər biri şahid X1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 oktyabr 2021-ci il tarixdən, saat 00:50-də inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 31 oktyabr 2021-ci il tarixdən, saat 00:50-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar