Məhkəmə qərarları › İş №3(006)-3328/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3328/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3328/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 27 may 2022-ci il tarixli, MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 27 may 2022-ci il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nzirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X9 onun barəsində "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Belə ki, "xxxx" MMC-nin keçmiş işçisi X4 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, 11- 15 mart 2022-ci il dövr üzrə əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətin xx.xx.2022-ci il tarixdə ödənilməsi, habelə M.Hüseynovun xx.xx.2022-ci il tarixdə istirahət günü işə cəlb olunması və əvəzi ödənilmədiyinə görə Əmək Məcəlləsinin 83.2 və 104.1-ci maddələrinin tələblərinin tərəfindən pozulduğu iddia edilərək İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş - işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati xəta nəzərədə tutduğu üçün barəmdə inzibati tənbeh verilməsi qərarı qəbul edilmişdir. Buna səbəb isə vətəndaş X4 X8 Xidmətinin Bakı şəhər idarəsinə etdiyi şikayət və əsassız olaraq barəsində 17 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi tərəfindən qəbul olunmuş 27 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarı və 17 may 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli protokolu qanunsuz hesab edir. Belə ki, o, heç bir qanunsuz hərəkət yol verməmişdir. DƏMX-nin İnzibati xəta haqqında protokol əsasında verilmiş 27 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə Binəqədi rayon icra şöbəsinə dəvət olunduğu vaxt barəsində çıxarılmış sözü gedən qərardan xəbər tutmuşdur. İnzibati xəta haqqında protokolda iki hal qeyd olunmağına baxmayaraq yalnız bir hal üzrə (əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət) "xxxx" MMC-nin keçmiş işçisi X4 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, 11-15 mart 2022-ci il dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin xx.xx.2022-ci il tarixdə ödənilməsi iddia edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 manat inzibati cərimə tənbeh verilməsi qərarı qəbul edilmişdir. Hazırki halda inzibati xəta törədilməsi güman edilən hər hansı bir hərəkət və hərəkətsizliyə tərəfindən yol verilməmişdir. X1 Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun əmək hüquqlarının pozulmasını şikayət etmişdir (AZQTEL" MMC-nin keçmiş işçisi X6 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməməsi səbəbi, onun şirkətdə işlədiyi müddətin 6 aydan az olmasıdır və M.Hüseynovun şirkətlərindən öncə hər hansı işdə işlədiyini təsdiq edən arayış təqdim etməməsidir). "xxxx" MMC-nin keçmiş işçisi X4 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, 11-15 mart 2022-ci il dövr üzrə əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət xx.xx.2022-ci il tarixdə ödənilməsi onun tərəfdən xoş niyyət göstərilərək işçiyə əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət ödənilmişdir. X8 Xidmətinin Bakı şəhər idarəsi isə qanunvericiliyin tələblərini nəzərə almayaraq əsassız və qanunsuz olaraq işçiyə əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətin vaxtında verilməmisinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə ona 1000 manat cərimə tədbiq etmişdir. Belə ki, Sosial Sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən "Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericüikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyati hayata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur". Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlar təyin edilərkən, sosial sığorta stajı kimi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə almır. Həmin qanunun 6-cı maddəsinə əsasən "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir." Hər iki halda müavinətin aylıq maksimal həddi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Qanunvericilikdən göründüyü kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir: 6 ay sosial sığorta stajı olmayan şəxslərə; əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə; işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə; törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə; məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa). Nəzərə alsaq ki, "xxxx" MMC-nin keçmiş işçisi X10 şirkətlərində işlədiyi müddətin 6 aydan az olması və şirkətlərindən öncə hər hansı işdə işlədiyini təsdiq edən arayış təqdim etmədiyi üçün Azərbaycan Respublikası ƏM-nin 83.2-ci maddəsinin (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət) nəzərdə tutduğu müddəalar tərəflərindən öhdəlik olaraq icra edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri hazırki hala şamil edilə bilməz. Belə ki, ƏM-nin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin "xxxx" MMC-nin keçmiş işçisi M.Hüseynov şirkətlərində işlədiyi müddət 6 aydan az olması və şirkətlərindən öncə hər hansı işdə işlədiyini təsdiq edən arayış təqdim etmədiyi üçün ümumiyyətlə ona müavinət ödənilməli deyildir. Bu səbəbdən tərəfindən xoş niyyət göstərilərək işçiyə son haqq-hesabı ödənildikdən bir neçə gün sonra şəxsi təşəbbüsü ilə işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmişdir. Belə olan halda X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən ona cərimə tətbiq edilməsi tərəfindən anlaşılmır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxsin nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X11 bildirmişdir ki, X1 Əmək Müfəttişliyinə müraciət edərək əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, 11-15 mart 2022-ci il dövrü üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ona müavinətin xx.xx.2022-ci il tarixdə ödənildiyini və xx.xx.2022-ci il tarixdə istirahət günü əvəzi ödənilmədən işə cəlb olunmasını bildirmiş, həmin müraciət əsasında idarənin əməkdaşları tərəfindən araşdırma aparılmış və həmin araşdırma nəticəsində inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 17 may 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin keçmiş işçisi X4 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, 11-15 mart 2022-ci il dövrü üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ona müavinət xx.xx.2022-ci il tarixdə ödənilmiş və X10 xx.xx.2022-ci il tarixdə istirahət günü əvəzi ödənilmədən işə cəlb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN № ******* saylı qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X7 Cəmiyyətin keçmiş işçisi X4 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin vəzifəli şəxsi, MMC-nin direktoru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına və onun inzibati qaydada tənbeh edilməsinə, X4 11-15 mart 2022-ci il dövrü üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sonuncuya müavinətin xx.xx.2022-ci il tarixdə ödənilməsi və istirahət günü əvəzi ödənilmədən işə cəlb olunması barədə X8 Xidmətinə etdiyi müraciət əsas olmuşdur. Qeyd olunan müraciət əsasında aparılan araşdırma nəticəsində 17 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X9 tərəfindən baxılaraq qəbul olunmuş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X7 barəsində 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 112.1.1-112.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən protokola baxılması və qərarın qəbul edilməsi zamanı barəsində icraata aparılan X2 iştirakı təmin edilməmişdir. Barəsində icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasının nəticəsidir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmiş, şəxsin işin faktiki halları üzrə izahat verməsinə və dəlillərini, sübutlarını təqdim etməsinə şərait yaradılmamış, verilə biləcək mümkün vəsatətlərə baxılaraq qərar qəbul olunması təmin edilməmişdir. Belə ki, barəsində icraat aparılan X2 izahına görə, X4 əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətin vaxtında verilməməsində təqsirli deyildir, belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir və M.A.Hüseynovun "xxxx" MMC-də işlədiyi müddət 6 aydan az olmaqla şirkətlərindən öncə hər hansı işdə işlədiyini təsdiq edən arayış da sonuncu tərəfindən onlara təqdim edilməmişdir. Göründüyü kimi, barəsində icraat aparılan şəxsin irəli sürdüyü dəlil ətraflı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar