Məhkəmə qərarları › İş №3(006)-3339/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3339/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3339/2020 21.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3, Qərarı qəbul etmiş Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakları ilə X3 Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə sahibi olduğu “Manqal Dönər” restoranına 3 müştəri daxil olub masa arxasına keçərək yemək sifariş vermiş, ofisiant onların sifarişini gətirdikdən sonra daha 4 nəfər şəxs həmin masaya yaxınlaşıb orada oturmaq istəmişlər. Lakin ofisiant onlara karantin qaydaları ilə bağlı 7 nəfərin eyni masa arxasında oturmasının qadağan olduğunu bildirəndə bu şəxslər buna əhəmiyyət verməyərək təhqiredici, nalayiq ifadələr işlətməyə başlamışlar. Baş vermiş hadisə barəsində restoranın işçiləri onu məlumatlandırmaq istəyərkən içəriyə X1 əməkdaşları daxil olmuş, 7 nəfər şəxsin oturduğu masaya yaxınlaşmış və karantin qaydalarını pozduğuna görə onu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edərək 3.000 manat məbləğində cərimə etmişlər. O, bu qərarla razı deyildir. Belə ki, pozuntu faktının baş verməsi onun və ofisiantların müştərilərin qəsdinin qarşısını almaq imkanları olmamış, onların birlikdə nahar etmək niyyətini yalnız masaya yaxınlaşdıqda bilmişlər. Onlara xəbərdarlıq olunmasına baxmayaraq, bu şəxslər buna məhəl qoymayıb restoranı tərk etməkdən imtina etmişlər. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X4 izahatında göstərdi ki, ictimai iaşə obyektlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri karantin rejimi ilə bağlı qaydalara və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətinə nəzarət məqsədilə Azərbaycan Respublikası X1 tabeli qurumları tərəfindən həyata keçirilən monitorinqlər çərçivəsində xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 37 saylı ünvanda yerləşən “Manqal Dönər” adlı restoranda eyni masa arxasında oturacaqların ara məsafəsi və əyləşən şəxslərin say məhdudiyyəti ilə bağlı müəyyən edilən tələblərə əməl edilməyərək karantin rejiminin pozulması halı müəyyən edilmişdir. Yoxlama zamanı obyektin vəzifəli şəxsi olan X3 faktla bağlı məlumatlılığı aşkar edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə inzbati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçılarının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 37 saylı ünvanda yerləşən “Manqal Dönər” adlı restoranda müştərilərin qəbulu zalında bir masa arxasında 7 nəfərin əyləşməsi və onlar arasında 1 metr ara məsafəsinin gözlənilməyərək karantin qaydalarına əməl edilməməsi faktı aşkar olunmuşdur; - Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardada əsasən X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı işə baxılması həmin qurumun inzibati binasında xx.xx.2020-ci il tarixə, saat 14:00-a təyin edilmiş, bu barədə tərəfə müvafiq bildiriş göndərilmişdir; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “Manqal Dönər” adlı restoranın vəzifəli şəxsi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə edilmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 160 saylı Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 237 saylı Qərarının 2.2-ci bəndinə əsasən ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Həmin Qərarın 2.4-cü bəndinə görə bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 336 saylı Qərarının 1.2.2-ci bəndinə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət dayandırılmış, qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xəta aşkar olunduğu zaman 2020-ci il 02 noyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən monitorinq zamanı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 37 saylı ünvanda yerləşən “Manqal Dönər” adlı restoranda karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, obyektin yuxarı mərtəbəsində bir masa arxasında 7 nəfər əyləşmiş və onlar arasında 1 metr ara məsafəsi gözlənilməmişdir. Bununla bağlı restoranın vəzifəli şəxsi X5 barəsində Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar əsasında o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi qərarın əsassız olduğunu qeyd etsə də, iş materiallarındakı fotoşəkillər əsasında bir daha öz təsdiqini tapan pozuntu faktını inkar edə biləcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də aydın olur ki, şikayətçinin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri olmuş və onun barəsində qurum tərəfindən düzgün olaraq həmin maddə ilə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar