Məhkəmə qərarları › İş №3(006)-3354/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3354/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3354/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol (MN 0020954) tərtib edilmiş və həmin protokol əsasında da 22 avqust 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında o, Azərbaycan Respublikası İXMin 192.6-ci maddəsinə əsasən (əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat cərimə tətbiq edilmişdir. Sözügedən qərarı 24 avqust 2022-ci il tarixdə rəsmi əldə etmişdir. Hesab edir ki, qəbul edilmiş qərar əsassızdır və qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məlumat üçün bildirir ki, aidiyyəti üzrə şikayət etmiş və "xxxx" MMC-də anbardar vəzifəsində işləmiş X8 22 iyun 2022-ci il tarixindən heç bir üzürlü səbəb olmadan işə gəlməmiş, işə gəlməməyinin səbəbi barədə şirkətə heç bir məlumat verməmiş, müvafiq olaraq onun işə gəlmədiyi günlər aktlaşdırılmışdır. Həmçinin tərəfindən 24 iyun 2022-ci il tarixində aidiyyatı üzrə X6 yaşadığı ünvana onun işə gəlməməsi, işə gəlməməsinin səbəbləri barədə məlumat verməsi barədə bildiriş göndərilmiş, həmin bildiriş rəsmi qaydada 29 iyun 2022-ci il tarixində şəxsin özü tərəfindən alınsa da, yenə də şirkətə rəsmi, nə şifahi qaydada məlumat verilməmişdir. Bundan sonra, 30 iyun 2022-ci i il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmiş və son haqq hesab digər ödənişlər ona ödənilmişdir. Yalnız 2 aya yaxın müddət keçəndən sonra X3 Müfəttişliyinə şikayət etdikdən sonra 12 avqust 2022-ci il tarixində rəsmi olaraq şirkətə 14 avqust 2022-ci il tarixinədək xəstə olacağı barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəni təqdim etmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan qanunsuzluğa yol vermiş, heç bir əsas olmadan mənim əməlimdə İXM-in 192.6-ci maddəsinin nəzərdə tutulan tərkibin olmasını hesab edərək əsassız qərar çıxartmışdır. Belə ki, İXM-in 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Xatırladır ki, onlar qanunvericiliyin bütün tələblərinə uyğun olaraq, onun işə gəlməməsini aktlaşdırmış, ona rəsmi şəkildə bildiriş göndərmiş, bildirişi aldığı halda şirkətə nə rəsmi qaydada, nə də şifahi qaydada məlumat verilməmişdir. Bildirir ki, rəhbərlik etdiyi "xxxx" MMC qanunvericiliyin tələbini pozmamış və inzibati qərarı qəbul etmiş orqanın istinad etdiyi 192.6-ci maddəsində nəzərədə tutulmuş xətanı törətməmişdir. Onun əməlində Əmək Məcəlləsinin 192.6-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı ərazi İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qərəzli və qanunvericilik tələblərinin pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 vəkili X12 şikayəti müdafiə edib əlavə olaraq, İdrak Cəlilovun xəstəliyi barədə şirkətə heç bir məlumat vermədiyini və tutduğu vəzifənin şirkətdə əhəmiyyətli vəzifə olduğundan mütləq şəkildə şirkətə hər hansı məlumat verməli olduğunu bildirib, sonda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, "xxxx" MMC-də anbardar vəzifəsində işləmiş X6 xəstə olmasına və şirkətə xəstəliyi barədə büllüten təqdim etməsinə baxmayaraq qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Şəxsin X9 Xidmətinə müraciətindən sonra yoxlama aparılmış və müəyyən olunmuşdur ki, o həqiqətən işə gəlmədiyi müddətdə xəstə olmuşdur. Bundan sonra tərəflərindən "xxxx" MMC-nin rəhbəri barəsində cərimə olunmasına dair inzibati tənbeh tədbiri barədə qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 22 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyindən, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmiş və həmin cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan X7 ünvanlanmış 24 iyun 2022-ci il tarixli bildirişdə qeyd edilir ki, "xxxx" MMC-nin direktoru yazıb bildirir ki, X8 məlum olmayan səbəbdən 22 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək işə gəlməmişdir. Yazıb xahiş edilir ki, işə çıxmamağın səbəbləri barədə məlumat verilsin. İş materiallarına əlavə edilmiş X6 vəzifəsindən azad edilməsi haqqında 30 iyun 2022-ci il tarixli 462/22 saylı əmrin surətindən görünür ki, "xxxx" MMC-də “anbardar” vəzifəsində işləyən X8 30 iyun 2022-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il, 22 iyun 2022-ci il, 24 iyun 2022-ci il və 25 iyun 2022-ci il tarixli aktlardan görünür ki, imza edənlər "xxxx" MMC-nin əməkdaşları Kənan Nəsirov, Yusif Hacıyev, Ramiz Amanov və Şahid Gərayev bu aktları tərtib edib ondan ötrü ki, anbardar işləyən X8 22 iyun 2022-ci il, 23 iyun 2022-ci il, 24 iyun 2022-ci il və 25 iyun 2022-ci il tarixlərdə heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, izahatların alınması və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin dəlillərinin yenidən araşdırılması üçün inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş baxılması üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar