Məhkəmə qərarları › İş №3(006)-3355/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3355/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3355/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı həkim nevroloq X3 plastik cərrahiyə üzrə sertifikasiya şəhadətnaməsindən keçmədən iş və fəaliyyət aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev protokolu müdafiə edərək izahatında bildirmişdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində aparılan planlı(növbəti) yoxlama zamanı həmin tibb müəssisəsində sertifikatsız tibbi fəaliyyət aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən həmin tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 şöbəsinin mütəxəssisi X4 tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 18.5 və 114.3-cü maddələrinin tələblərinə əsasən tərtib edilmiş protokol və ona əlavə edilmiş müvafiq material baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində qanuna müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Bundan əlavə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Səhiyyə Nazirliyinin AEM-nin əməkdaşları xx.xx.2023-cü ildə Şəxs MMC-də yoxlama həyata keçirilmiş və yoxlama zamanı A.T.Əliyevanın kök hüceyrə proseduru (plastik cərrahiyə) həyata keçirildiyi, lakin sonuncunun sertifikasiyasının nevrologiya olduğu müəyyənləşdirilmişdir. Bu səbəbdən də A.Əliyevanın sertifikasiyadan qanunvericiliyə uyğun keçmədən plastik cərrahiyə fəaliyyəti ilə məşğul olması ilə bağlı protokol tərtib olunmuşdur. A.Əliyevanın müvafiq fəaliyyəti göstərməsi özünün, MMC-nin rəhbərliyinin izahatı və tibbi sənədlərlə təsdiq olunmuşdur. Göstərilən xidmətin plastik cərrahiyə ilə bağlı olması tibbi sənədlərdə və A.Əliyevanın izahatlarında xəstənin şikayətləri hissəsində öz təsdiqi tapır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi B.Y.Quliyev izahatında bildirmişdir ki, MMC-də bir neçə prosedurlar olmuşdur, lakin onlara heç bir etiraz edilməmişdir. A.T.Əliyevanın sertifikasiya şəhadətnaməsi mövcuddur, həmin sənədi məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 419 plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, həmin tarixdə, saat 11:00-da ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikasında plandankənar yoxlama aparılmışdır. Araşdırma zamanı A.T.Əliyevanın Şəxs MMC-yə məxsus klinikasında həkim nevroloq vəzifəsində çalışdığı və sertifikasiya şəhadətnaməsindən keçdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH № 038573 saylı sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, A.T.Əliyeva xx.xx.2020-ci il tarixində sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı həkim nevroloq X3 plastik cərrahiyə üzrə sertifikasiya şəhadətnaməsindən keçmədən iş və fəaliyyət aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar