Məhkəmə qərarları › İş №3(006)-3363/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3363/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3363/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X10 vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidmətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: A.M.Marifli şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 iyun 2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. İlk növbədə qeyd edir ki, qərar ona rəsmi qaydada 20 iyun 2023-cü il tarixdə təqdim edildiyindən, İXM-də nəzərdə tutulmuş şikayət müddəti ötürülməmişdir. Hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İXM-ın 53.1.1-ci maddəsinə əsasən inzibatı xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibatı xəta tərkibi olmadıqda inzibatı xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Barəsində inzibati tənbeh tətbiq edilməsinə əsas olan İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati tənbehin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bildirmişdir ki, X8 ilə əmək müqaviləsinin bağlanması barədə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişi daxil edilmiş, belə olan halda, tərəflər arasındakı əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. Həmin halı E.İ.Məmmədli də mübahisələndirməyərək, əmək fəaliyyətini davam etdirmiş, nəticədə tərəflər arasında əmək münasibətləri yaranmışdır. Bu baxımdan, tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. Belə ki, E.İ.Məmmədli tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu mubahisələndirməmiş, əksinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində çalışdığını göstərmişdir. Hesab edir ki, bu hal əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilməməlidir. Çünki, E.Məmmədli əmək funksiyalarını müvafiq qaydada yerinə yetirmiş, sonuncuya hər ay əmək haqqı ödənilmiş, əmək məzuniyyətindən istifadə etmiş, habelə digər işçilərlə bərabər mükafatlandırılmış, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmamışdır. Qeyd olunanlar barədə təsdıqedici sübutlar tərəflərindən X12 Xidməti Bakı şəhər idarəsinə təqdim edilmişdir. Göründüyü kimi, şikayət üzrə inzibati xəta tərkibi yaranmadığı halda, barəmdə əsassız olaraq inzibati tənbeh tətbiq edimişdir. Halbuki, inzibati iş üzrə icraata xitam verilməli, şikayətçiyə qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəməyə müraciət edilməsi izah edilməli idi. Həmçinin bildirmişdir ki, iddia olunan inzibati xətanın baş verdiyi 2022-ci ilin iyul ayında (əmək müqaviləsinin bağlandığı tarix) o, Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzində çalışmamış, hadisə həmin dövrdə direktor vəzifəsində çalışan X4 rəhbərlik etdiyi dövrdə baş vermişdir. Bu səbəbdən də, hesab edir ki, inzibati tənbehin məhz onun barəsində tətbiqi ədalətli deyil. Qeyd olunan hallar iş üzrə inzibati xəta tərkibinin yaranmadığını, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların subuta yetirilmədiyim təsdiq edir. Bu isə inzibati tənbehin verilməsi haqqında qərarın İXM-in 135-ci maddəsi ilə nəzərə tutulmuş qaydada ləğv edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.M.Mariflinin vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Nümayəndə əlavə olaraq məhkəmə iclasında bildirmişdir ki, hazırki iş üzrə X9 şikayət vermiş şəxs E.İ.Məmmədli Nəsimi Rayon Məhkəməsinə “İşə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı” iddia ərizəsi ilə müraciət etmiş, iddiası məhkəmənin icraatına qəbul edilmiş, lakin sonradan ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Həmçinin E.İ.Məmmədli hazırki iş üzrə Məhkəməyə müraciət edərək onun X12 Xidmətinə ünvanladığı şikayət ərizəsinin geri götürdüyünü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir. Həmçinin hazırki iş üzrə müqavilələrin imzalanmış surətlərini məhkəməyə təqdim edir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilənin dəyişilməsinin əsası Nazirlər Kabinetinin əmrinə əsasən əmək haqqıların artırılması ilə əlaqəli olmuşdur. Belə ki, Nazirlər Kabinetinin 11 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən əmək haqqının məbləği 794 manat müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi E.İ.Əliyev şikayətlə razılaşmayaraq bildirmişdir ki, hazırki iş üzrə şikayətçi E.İ.Məmmədli müfəttişliyə müraciət edərək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktorun vəzifəsini müvəqqəti icra edən Akif Marifli tərəfindən onun müddətli müqavilə imzalamadığı halda müddətli müqavilənin vaxtı bitdiyi üçün onu qanunsuz olaraq işdən azad edilməsini, mərkəzdə baş alıb gedən qanun pozuntularının aşkara çıxarılmasını, rəhbər təyin edilmiş şəxslərin məmur özbaşınalığına son qoymasını xahiş etmişdir. Müfəttişliyin əməkdaşları tərəfindən Mərkəzdə yoxlama keçirilmiş və təqdim olunmuş müqavilələrdən müəyyən edilmişdir ki, həmin müqavilələri şikayətçinin imzalamamış lakin həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş və əmək müqaviləsinin bildirişi qeydiyyata alınmışdır. Həmçinin şikayətçi işlədiyi dövr üzrə əmək haqlarını və müavinətlərini almışdır. Bununla da müəyyən edilmişdir ki, düzgün olmayan məlumat elektron sistemə daxil edilmişdir. Bildiyiniz kimi əmək müqaviləsi Əmək qanunvericiliyinə əsasən yazılı formada bağlanılır və hər bir tərəf həmin müqavilələri imzalayır. Göründüyü kimi hazırki iş üzrə imzalanmış bir tərəfli müqavilə etibarsız hesab edilməlidir. Göstərilənləri və şikayətin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin E.İ.Əliyev əlavə olaraq bildirmişdir ki, tərəflərin əmək müqaviləsini imzalamaması ilə bağlı məhkəmə praktikasında çox işlərə baxılıb. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə eyni məzmunlu iş üzrə vətəndaşın şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Həmin qərarları məhkəməyə təqdim edir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş E.İ.Məmmədli əmək müqaviləsi bağlanılmadan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzində işlərin (xidmətlərin) görülməsinə cəlb edilmiş, nəticədə həmin idarənin direktoru A.M.Marifli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru X7 ilə E.İ.Məmmədli arasında həmin tarixdə müqavilə bağlanılmış, və sonuncu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Təlim və tədris şöbəsinin Metodiki iş sektoruna sektor müdiri (baş metodist) vəzifəsinə işə qəbul edilmişdir, həmin müqavilə birtərəfli şəkildə, yalnız işəgötürən S.V.Xələfbəyli tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru A.M.Marifli ilə E.İ.Məmmədli arasında həmin tarixdə müqavilə bağlanılmış, əmək müqaviləsi “47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Azərbaycan Respublikasının Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 09 (doqquz) ay müddətinə bağlanılmışdır. İşçi xx.xx.2022-ci il tarixindən işə başlayır, həmin müqavilə birtərəfli şəkildə, yalnız işəgötürən tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2022-ci il tarixli, № 161/k saylı Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X3, təlim və tədris şöbəsinin Kadr potensialının təhlili və proqnozlaşdırılması sektorunun baş metodisti vəzifəsində çalışan E.İ.Məmmədli ilə xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilərək tutduğu vəzifədən azad edilmiş, mühasibatlığa (N.Rıjova) tapşırılsın ki, qanunvericiliyinə uyğun olaraq E.İ.Məmmədliya xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək məzuniyyəti üçün istifadə olunmamış 15,75 təqvim günündən ibarət əmək məzuniyyəti üçün son haqq-hesabın ödənilməsini təmin edilmişdir (Əsas: E.İ.Məmmədlinin xx.xx.2022-ci il tarixli ərizəsi). İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2022-ci il tarixli, № 317/k saylı E.İ.Məmmədlinin əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrinin surətindən görünür ki, E.İ.Məmmədli Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X3, təlim və tədris şöbəsinin Metodiki iş sektorunda sektorunun müdiri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən etibarən 03 (üç) ay müddətinə uzadılmışdır (Əsas: E.İ.Məmmədli ilə xx.xx.2022-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinə edilmiş dəyişiklik). İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2023-cü il tarixli, № 7/k\A saylı E.İ.Məmmədlinin əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrinin surətindən görünür ki, E.İ.Məmmədli Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X3, təlim və tədris şöbəsinin Metodiki iş sektorunda sektorunun müdiri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixindən etibarən 03 (üç) ay müddətinə uzadılmışdır (Əsas: E.İ.Məmmədli ilə xx.xx.2022-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinə edilmiş dəyişiklik). İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2023-cü il tarixli, № 3-24-2/3-01-k- 54/2023 saylı E.İ.Məmmədlinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətindən görünür ki, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X3, təlim və tədris şöbəsinin Metodiki iş sektorunda sektor müdiri (baş metodist) vəzifəsində çalışan E.İ.Məmmədli ilə xx.xx.2022-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilərək tutduğu vəzifədən azad edilmişdir (Əsas: E.İ.Məmmədli ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi). İş materiallarına əlavə edilmiş E.İ.Məmmədlinin əmək kitabçasının surətindən görünür ki, E.İ.Məmmədli xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Təlim-tədris şöbəsinin kadr potensialının təhlili və proqnozlaşdırılması sektoruna 3 ay sınaq müddəti ilə baş metodist vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə sınaq müddəti ilə bağlanmış əmək müqaviləsi müddətsiz olaraq uzadılmışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq (öz təşəbbüsü ilə) işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Təlim və tədris şöbəsinin Metodiki iş sektoruna sektor müdiri (baş metodist) vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (müqavilə müddətinin bitməsi) tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş E.İ.Məmmədlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı şikayət ərizəsinin surətindən görünür ki, o, 2012-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayına qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Mədəniyyət X2 və X1 təhlil və proqram təminatı laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 noyabr 2018-ci il tarixli 487 nömrəli qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət X2 və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb. 21 fevral 2019-cu il tarixindən 30 iyun 2022-ci il tarixinə kimi Mərkəzdə Təlim-tədris şöbəsinin Kadr potensialının təhlili və proqnozlaşdırılması sektorunun müdiri vəzifəsində çalışmışdır. 2022-ci ilin iyun ayında Mərkəzin direktoru, sabiq Mədəniyyət naziri Anar Kərimovun kadrı Səadət Xələfbəyli özünəməxsus iş prinsipi üzrə, aparılmış struktur dəyişikliyini əsas gətirərək, yerdəyişmə etmiş, Kadr potensialının təhlili və proqnozlaşdırılması sektorunun müdiri vəzifəsindən Metodiki iş sektorunun müdiri vəzifəsinə keçinmək üçün ondan işdən azad edilmək və yenidən işlə təmin edilmək haqqında ərizələrin yazılmasını tələb etmişdir. Ərizələri təqdim edərkən müddətli əmək müqaviləsinin baälanması barədə ona heç bir məlumat verilməmiş və imzalamaq ücün təqdim edilməmişdir. 31 mart 2023-cü il tarixində ESD-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 aprel 2023-cü il tarixində onun və digər əməkdaşın - X5 06 iyul 2022-ci il tarixində bağlanmış müddətli əmək müqavilələrinə (qeyd edim ki, 06 iyul 2022-ci il tarixində nə o, nə də digər əməkdaşa müqavilə verilməyib və heç biri həmin müqaviləyə imza atmamışdır) xitam verilməsilə bağlı, hal-hazırda direktorun vəzifəsini müvəqqəti icra edən Akif Marifli tərəfindən imzalanmış əmri görmüş və dərhal rəhbərliyə etirazlarını bildirmişdir. 06 iyul 2022-ci il tarixli müqavilənin surətini tələb etdikdə İnsan resurslarının idarə edilməsi sektorunun aparıcı mütəxəssisi Ülviyyə Əsədova bildirdi ki, “imzasız sənədi təqdim edə bilmərik”. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktorun vəzifəsini müvəqqəti icra edən Akif Marifli tərəfindən onun müddətli müqavilə imzalamadığı halda müddətli müqavilənin vaxtı bitdiyi üçün onu qanunsuz olaraq işdən azad edilməsini, mərkəzdə baş alıb gedən qanun pozuntularının aşkara çıxarılmasını, rəhbər təyin edilmiş şəxslərin məmur özbaşınalığına son qoymasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-2862/2023 saylı qərardadından görünür ki, iddiaçı E.İ.Məmmədlinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3363/2023 saylı qərardadından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından A.M.Marifli tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş E.İ.Məmmədlinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, icraatda olan e-2(006)-2862/2023 saylı mülki iş üzrə iddiaçıdır, onun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “işə bərpa, əmək haqqı” tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda qarşı tərəflə razılığa gəlmişdir və barışıq əldə olunmuşdur. İddia tələbindən imtina edir. İddiadan imtinanın nəticələri ona aydındır. Göstərilənləri nəzərə alaraq onun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “işə bərpa, əmək haqqı” tələbinə dair iddiasından imtinasının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3363/2023 saylı qərardadından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından A.M.Marifli tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş E.İ.Məmmədlinin Nəsimi Rayon Məhkəməsinə elektron qaydada ünvanladığı ərizədən görünür ki, məhkəməyə ünvanladığı iddia ərizəsindən imtina etmişdir, işə baxıb qərar qəbul edərkən onun X12 Xidmətinə ünvanladığı şikayət ərizəsinin geri götürdüyünü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir. İş materaillarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-2341/2022 saylı qərarından görünür ki, eyni məzmunlu iş üzrə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən, yazılı əmək müqaviləsi X11 ilə bağlanmamış, mövcud olmayan əmək müqaviləsi elektron informasiya sisteminə qeydiyyata alınmadığına görə MMC-nin direktoru tərəfindən verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2295/2022 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.İ.Məmmədli əmək müqaviləsi bağlanılmadan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işlərin (xidmətlərin) görülməsinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əmək müqavilələri bağlanılarkən onun iştirakı olmadan birtərəfli şəkildə, yalnız işəgötürən S.V.Xələfbəyli və A.M.Marifli tərəfindən imzalanmış və işçiyə müqavilənin nüsxəsi təqdim edilməmişdir. Və nəticədə qanuni olaraq həmin idarənin direktoru A.M.Marifli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan A.M.Mariflinin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli , MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar