Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3365/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X4 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Şamaxı rayonu, Şamaxı şəhəri, Vaqif Cəfərov küçəsi, ev 53-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X6 izahatında göstərdi ki, şöbənin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində inzibati ərazidə baş vermiş oğurluq hadisələrinin qarşısının alınması ilə əlaqədar xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istəyən zaman həmin şəxs qaçmağa cəhd etmişdir. Bu şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, ondan üzərində şəxsiyyətini təsdiq edəcək hər hansı bir sənəd olub-olmaması soruşulduqda, sonuncu polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmiş, ucadan nalayiq ifadələr səsləndirərək ətrafda olan vətəndaşlara açıq şəkildə hörmətsizlik nümayiş etdirmişdir. Polis əməkdaşları da ondan ictimai asayişi pozmamağı xahiş etsələr də, bu şəxs buna əhəmiyyət verməmiş, hətta 19-cu polis şöbəsinə dəvət olunsa da, bundan imtina etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, onlara əl-qol hərəkətləri etmişdir. Bundan sonra ona fiziki zor tətbiq olunaraq şöbəyə gətirilmişdir. Şöbədə bu şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 22 iyun 2023-cü il tarixdə A.Məhərrəmov küçəsində avtomobilini təmir etdirən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, ondan oğurluq edibetmədiyini soruşduqda o, buna etiraz etmiş və heç bir cinayət əməlini törətmədiyini bildirmişdir. Sonra polis əməkdaşları ilə bir az kobud danışmış, əvvəlcə onlarla bilrikdə polis şöbəsinə getmək istəməmişdir. Ailəlidir, himayəsində 01 uşağı var. Ona köməklil edilməsini xahiş edir. Məhkəmədə 19-cu polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X2 şahid qismində izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 13 radələrində A.Məhərrəmov küçəsində avtomobillərdə baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istəmiş, lakin sonuncu qaçmağa cəhd etsə də, saxlanılmışdır. Həmin şəxsə üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, sonuncu nalayiq ifadələr işlədərək onun sərbəst buraxılmağını tələb etmiş, ucadan təhqiramiz ifadə və söyüşlər söyləyərək ətrafda keçən vətəndaşlara açıq şəkildə hörmətsizlik nümayiş etdirmişdir. Onun qanunsuz əməllərini bitirməyini və araşdırmanı davam etdirmək üçün 19-cu polis şöbəsinə getməyi tələb olunsa da, sonradan adını bildiyi Şəxs buna tabe olmayaraq onlara əl-qol atmışdır. Həmin şəxs fiziki qüvvə tətbiq edilərək polis şöbəsinə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 iyun 2023-cü il tarixdə, saat 14:30-dan tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdə, saat 14:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3365/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3365/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver