Məhkəmə qərarları › İş №3(006)-3367/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3367/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3367/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4593/2021 saylı icra sənədinə əsasən borclular Şəxs, X5 və X3 59.030 manat alınaraq tələbkar A.Ə.Nəbiyevə ödənilməlidir. Lakin borclu Şəxs icraata başlanmaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq icra sənədi üzrə borc bugünədək ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru P.M.Babayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4593/2021 saylı icra sənədi üzrə cavabdehlər Şəxs, F.S.Abbasov və A.F.Abbasovdan müştərək qaydada 59.000 (əlli doqquz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı A.Ə.Nəbiyevin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata Nəsimi Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli qərarla borlcunun əmlakının üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş, sonuncuya məxsus “Kia Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, bundan sonra borclu barəsində xx.xx.2022-ci il tarix borclunun axtarılması haqqında qərar çıxarılmış, xx.xx.2022-ci il tarixdə borcluya məxsus Kia Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə axtarış elan edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Hal hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 59.030 manat borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru P.M.Babayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borcluya icra sənədinin icraata başlanması barədə qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, sonuncu həmin qərardan apelyasiya şikayətini verəcəyini bildirmiş, lakin sonradan yaşayış yerini dəyişmiş və buna görə də sonuncu barəsində axtarış elan edilmişdir. Digər borclu A.F.Abbasov halhazırda həbsdədir, digər borclu olan ataları isə xəstədir və müalicə alır. Bugünədək icra sənədi icrasız qalmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun icra sənədindən məlumatı var, qardaşı "xxxx" ASC-dən tanışı Anarla birlikdə onun adına pul götürmüş, ona sənəd təqdim edərək imzalamasını istəmişlər, o, da sənəd haqqında məlumat almadan imzalamışdır. Daha sonra onlar aralarında həmin pulun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hazırda onun borcunu tam ödəməyə imkanı yoxdur. Göstərilənləri, maddi imkanının yaxşı olmamasını, adına hər hansı əmlak olmamasını və atasının xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar A.Ə.Nəbiyev öz izahatında bildirmişdir ki, o, borcun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4593/2021 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs, F.S.Abbasov və A.F.Abbasovdan müştərək qaydada 59.000 (əlli doqquz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı A.Ə.Nəbiyevin xeyrinə ödənilməlidir. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4593/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Həmin qərar borclu tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin Şəxs ünvanladığı xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun əmlakına həbs qoyulması haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4593/2021 saylı icra sənədi üzrə borclu Şəxs məxsus “Kia Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs, F.S.Abbasov və A.F.Abbasov barəsində axtarış elan edilmiş və saxlanılaraq Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, icra sənədinin icrasının təmini məqsədi ilə borcluya məxsus “Kia Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4593/2021 saylı icra sənədi üzrə cavabdehlər Şəxs, F.S.Abbasov və A.F.Abbasovdan müştərək qaydada 59.000 (əlli doqquz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı A.Ə.Nəbiyevin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata Nəsimi Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli qərarla borlcunun əmlakının üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş, sonuncuya məxsus “Kia Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, bundan sonra borclu barəsində xx.xx.2022-ci il tarix borclunun axtarılması haqqında qərar çıxarılmış, xx.xx.2022-ci il tarixdə borcluya məxsus Kia Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə axtarış elan edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Hal hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 59.030 manat borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 16:45-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən, saat 16:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar