Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-337/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X6 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı rayonu, inzibati ərazisi daxilində Abşeron rayonu istifadəsində olan Abşeron Quşçuluq sovxuzunun ərazisində yerləşən 2.0 ha torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsinin münbit qatını korlamış, bununla da, “X6 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəsimi rayon məhkəməsinin 3(006)-2430/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7000 (yeddi min) manat məbləğində inzibati cərimə edilmiş, lakin verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-3140/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Nəsimi rayon məhkəməsinin 3(006)-2430/2019 saylı, xx.xx.2019 tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Nəsimi rayon məhkəməsinin 3(006)-337/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, lakin verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-678/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Nəsimi rayon məhkəməsinin 3(006)-337/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 inzibati xəta haqqında tərtib edilmiş protokola etiraz edərək verdiyi izahatında bildirmişdir ki, inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsi tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta protokolu tam qanunsuz, əsassız və hüquqa ziddir. Belə ki, ilk öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin reyestrindən çıxarış olmadan yoxlama həyata keçirmiş, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının indiki yerləşdiyi ərazi hüquqi baxımdan qanunvericiliyin tələblərinə tam uyğun sənədləşdirilmiş, müvafiq icazə və çıxarışlar alınmış, bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Şirkət yarandığı zaman onun infrastrukturunun yerləşdirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, alınmış 2,0 ha torpaq sahəsinin hasarlanması, metal konstruksiyalarla müvəqqəti anbarların, köməkçi və işçi yataqxanalarının quraşdırılmasına İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 1548 nömrəli sərəncamı ilə icazə alınmışdır. Eyni zamanda xx.xx.2011-ci il tarixdən 99 ilə icarəyə götürülən həmin sahənin xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışı alınmışdır. Həmin ərazidən Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 1793 nömrəli icarə müqaviləsi əsasında 99 ilə icarəyə götürülmüş Abşeron Quşçuluq KTMİ (X2 İstehsalı) müəssisəsinin ərazisində DTF-də (Dövlət Torpaq Fondu) saxlanılmış 1,5 ha torpaq sahəsində İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 1971 nömrəli sərancamı ilə razılaşdırılmış eskiz əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. İcarə hüququ əsasında həmin ərazinin ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Dövlət Reyestrindən Çıxarışı alınmışdır. Bundan başqa Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə, həmin tarixli 2513 nömrəli icarə müqaviləsi və xx.xx.2014-cü il tarixli, 3M/982 nömrəli icarə hüququnun alqı-satqısı müqaviləsi əsasında, 1,98 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə həmin tarixli 2514 nömrəli icarə müqaviləsi və xx.xx.2014-cü il tarixli, 3M/983 nömrəli icarə hüququnun alqı-satqısı müqaviləsi əsasında Şirkətə verilərək bu barədə tam hüquqi sənəd xx.xx.2014-cü il tarixli, ********** və ********** nömrəli Dövlət Reyestrlərindən Çıxarışlar alınmışdır. Eyni zamanda hüququn əvvəlki yüklülüyü fiziki şəxsə məxsus olan 0,53 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti ilə xx.xx.2011-ci il tarixli, 2440 saylı icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M-483 saylı icarə hüququnun bağışlama müqaviləsi əsasında Şirkətə verilmiş və ********** Qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışı alınmışdır. Yuxarıda qeyd olunan prosedur qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikasının 1999-cu il 24 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, 291 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə və eləcə də digər normativ hüquqi aktlara uyğun həyata keçirilmişdir. Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı qeyd olunan və hüquqi baxımdan yüklülüyü ona aid olan ərazidə qanunvericiliyin pozulması istiqamətində heç bir fəaliyyət göstərməmişdir. Lakin inzibati protokol tərtib edilməmişdən əvvəl Şirkətin nümayəndələri Bakı Regional Ərazi idarəsinə çağırılaraq Fərahim Mirzəyev adlı şəxslə (deyilənə görə şöbə müdiri olub) görüşmüş, Fərahim qeyd olunan ərazidə metal konustruksiyalı anbar, yataqxana və digər quraşdırılmış tikililərin razılığının Nazirlər Kabineti tərəfindən alınmasını israrla tələb etmiş və bunu indiki qanunvericiliyin tələbi olduğunu bildirmişdir. Onlar həmin ərazidə metal konstruksiyalı tikililəri 2011, 2012, 2014cü illərdə quraşdırmışlar ki, həmin vaxt bu binaların quraşdırılması üçün icazəni Abşeron Rayon İcra Hakimiyyəti vermiş və quraşdırılmış bu konustruksiyalar müvəqqəti xarakter daşıyır. O vaxt bu icazənin Nazirlər Kabineti tərəfindən verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.3cü maddəsində qeyd edilir ki, “Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.4-cü maddəsinə əsasən “Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qərarına əsasən 179cu maddənin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Göründüyü kimi Qaydalar təsdiq edilməmişdən bir neçə il əvvəl bu işlər icra olunmuşdur. Yenidən kateqoriyanın dəyişdirilməsnə qayıtmaq məsələsi mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Gördükləri iş qüvvədə olan Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndinə və 58-ci maddəsinin və eləcə də mülki məcəllənin tələblərinə tam uyğundur. Eyni zamanda görülən işlər və sənədləşmə aparılması səlahiyyətli orqan olan yerli icra hakimiyyətinin rəsmi sərəncamı ilə hüquqi müstəvidə əldə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsi tərəfindən “X5 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta protokolu tam qanunsuz, əsassız və hüquqa zidd olduğundan ona etiraz edilir və həmin protokolun ləğv edilməsi üçün müvafiq qərar çıxarılması xahiş olunur. Məhkəmə proses iştirakçısıının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X6 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı rayonu, inzibati ərazisi daxilində Abşeron rayonu istifadəsində olan Abşeron Quşçuluq sovxuzunun ərazisində yerləşən 2.0 ha torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsinin münbit qatını korlamış, bununla da, “X6 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, “X6 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 2.0 ha torpaq sahəsi yüklü edilmiş, həmin yüklülüyün müddəti xx xxxxx 2011-ci il tarixdən 99 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki,“X6 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.53 ha torpaq sahəsi yüklü edilmiş, yüklü edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərüfatı məhsullarının istehsalı) həmin yüklülüyün müddəti xx xxxxxx 2011-ci il tarixdən 99 il müəyyən edilmişdir. İş materiallarında olan xx xxxx 2011-ci il tarixli, 1548 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, “X6 Sanayi və Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına Abşeron rayonu, quşçuluq sovxozu ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin hasarlanmasına, metal konstruksiyalarla müvəqqəti anbarların, köməkçi və işçi yataqxanalarının quraşdırılmasına icazə verilmiş, sifarişçiyə tikiləcək yaşayış sahələrinin layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, işçi layihə-smeta sənədləri tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə Lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilməsi, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlaması, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədləri İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi tapşırılmışdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 655 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, “X6 Sanayi və Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına Abşeron rayonu, quşçuluq sovxozu ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin hasarlanmasına, metal konstruksiyalarla müvəqqəti anbarların, köməkçi və işçi yataqxanalarının quraşdırılmasına icazə verilmiş, sifarişçiyə tikiləcək yaşayış sahələrinin layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, eskiz layihə-smeta sənədləri tam tərkibdə qeydiyyata alınması üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə Lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilməsi, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlaması, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədləri İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi tapşırılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixli, 1971 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, “X6 Sanayi və Ticaret Limited” şirkətinə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 1793 saylı sərəncamı ilə Abşeron Quşçuluq KTMİ müəssisəsinin ərazisində DTF-da saxlanılmış 1,5 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında tikinti işlərinin aparılmasına icazə verilmş, sifarişçiyə tikinti işlərinin layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış, işçi layihə-smeta sənədləri tam tərkibdə qeydiyyata alınması üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə Lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilməsi, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlaması, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədləri İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi tapşırılmışdır. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasinin Qanununun 17-ci maddəsinə əsasən torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti dedikdə torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) qorunub saxlanmasını, habelə onların keyfiyyətinin yaxşılaşdırılması, münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş normalaşdırma tələblərinə əməl olunmasını təmin etməkdir. Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.4. bəndinə əsasən həmin Qanunun 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 979 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi” Qaydalarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) həyata keçirilməsini tənzimləyir. 2-ci bəndinə əsasənDövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların qorunub saxlanmasını, habelə onların keyfiyyətinin yaxşılaşdırılması, münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş norma tələblərinə əməl olunmasını təmin etməkdir.3-cü bəndinə əsasənDövlət nəzarəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, torpaq münbitliyi sahəsində beynəlxalq hüquq normalarına, digər normativ-hüquqi aktlara və bu Qaydalara uyğun aparılır.4-cü bəndinə əsasən Dövlət nəzarətini qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər.7-ci bəndinə əsasən sahibkarlıq subyektlərində torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqındaƏsasnamənin 3.0.95-ci bəndinə əsasənKomitə strukturuna daxil olan qurumlar vasitəsilə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, 3.0.96-cı bəndinə əsasən isə strukturuna daxil olan qurum vasitəsilə mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmalıdır. Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsinəəsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Torpaqların münbit qatının korlanması dedikdə onun tərkibində olan canlı həyatı üçün vacib elementlərin tukənməsi, dənəvərçilik ölçülərinin dəyişməsi, məhsuldarlığın itməsi və ya təbii su saxlama qabiliyyəti dərəcəsinin dəyişməsi və sair şəkildə ola bilər. Bundan başqa həmin torpağın təbiətini aydınlaşdırmaq üçün mikroskopik və kimyəvi (torpağın rəngi, mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) tədqiqatlar aparılmalı idi. Göründüyü kimi yuxarıda göstərilən hallar da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı tərəfindən araşdırılmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsdi ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən, “X6 Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 2.0 ha torpaq sahəsi yüklü edilmiş, həmin yüklülüyün müddəti xx xxxxx 2011-ci il tarixdən 99 il müəyyən edilmiş və xx xxxx 2011-ci il tarixli, 1548 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamınaəsasən “X6 Sanayi və Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına Abşeron rayonu, quşçuluq sovxozu ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin hasarlanmasına, metal konstruksiyalarla müvəqqəti anbarların, köməkçi və işçi yataqxanalarının quraşdırılmasına icazə verilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, MN № ******* saylı protokol qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan “X6 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 598.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-337/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-337/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver