Məhkəmə qərarları › İş №3(006)-3373/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3373/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3373/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 oktyabr 2021-ci il tarixli, 00100-2164/21 (EP 0007507) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına Yeni Zellandiyanın “Westland CO-X3 Limited” şirkətindən “X5 Limited” şirkətinin tapşırığı ilə W400-17 nömrəli, 29.07.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş kərə yağı yükü 99ZT107/99ZH107 nömrə nişanlı yük avtomaşınında 28 sentyabr 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair **********5587 sorğu nömrəli gömrük bəyannaməsi 15 oktyabr 2021-ci il tarixdə yəni mallar ölkə ərazisinə daxil olduqdan 17 gün sonra tərtib edilmiş və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə verilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi İ.F.Abdullayev bildirmişdir ki, bəyannamənin hansı müddətə verilməsi ilə bağlı məlumatları olmadığından bəyannamə verilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, 00100-2164/21 (EP 0007507) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/027032 nömrəli 15.10.2021-ci il tarixli raporta əsasən Şəxs MMC-nin adına 28.09.2021-ci il tarixində 99ZT107/99ZH107 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuşdur. Gömrük ərazisinə gətirilən həmin mallara dair 15.10.2021-ci il tarixli, **********5587 sorğu nömrəli gömrük bəyannaməsi Gömrük Məcəlləsinin 149-cu maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “avtomobil yolu ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 99ZT107/99ZH107 nömrəli nəqliyyat vasitəsi Şəxs MMC-nin ünvanına göndərilən mallar 28.09.2021-ci il tarixdə saat 05:25-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkəyə daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına Yeni Zellandiyanın “Westland CO-X3 Limited” şirkətindən “X5 Limited” şirkətinin tapşırığı ilə W400-17 nömrəli, 29.07.2021-ci il tarixli invoys sənədi ilə göndərilmiş kərə yağı yükü 99ZT107/99ZH107 nömrə nişanlı yük avtomaşınında 28 sentyabr 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair **********5587 sorğu nömrəli gömrük bəyannaməsi 15 oktyabr 2021-ci il tarixdə yəni mallar ölkə ərazisinə daxil olduqdan 17 gün sonra tərtib edilmiş və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə verilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirılən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarın 3.6 bəndinə əsasən gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar