Məhkəmə qərarları › İş №3(006)-3381/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3381/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3381/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC 20.000,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi E.R.Həşimov məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, "xxxx" ASC 20.000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 20.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bildirmişdir ki, Ticarət Mərkəzinin Əsaslı Planlaşdırma və Sxematik Dizayn və X2 Layihəsi ilə bağlı “BCT Design Group” ilə "xxxx" ASC arasında 26 may 2021-ci il tarixli müqavilə imzalanmışdır və həmin müqaviləyə əsasən qeyd olunan köçürmə həyata keçirilmişdir. Həmin sənədləri məhkəməyə təqdim edir. Belə ki, “BCT Design Group”un xx.xx.2023-cü il tarixli məktubunda da bildirildiyi kimi hələdə müqavilələsi davam edir və layihə yekunlaşmamışdır. Layihə tam yekunlaşdıqdan sonra işin qalan qisminində köçürmələri həyata keçiriləcək və bu barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankınada təqdim olunacaqdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC ilə “BCT Design Group” şirkəti arasında həmin tarixdə Baş Planlaşdırma, Konsepsiya Dizaynı və Sxemli Dizayn xidmətləri üçün müqavilə bağlanılmışdır. İş materiallarına əlavə edilmiş invoysların surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 25.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 25.000 ABŞ dolları məbləğində pul vəsaitləri “BCT Design Group” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “BCT Design Group” şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “BCT Design Group” şirkəti Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Ticarət Mərkəzinin Əsaslı Planlaşdırma və Sxematik Dizayn və X3 Layihəsi ilə bağlı "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlamışdır. “BCT Design Group” şirkəti cari müqavilə məbləğinin təxminən 87%-ni tamamlamış və müqavilənin şərtlərinə əsasən, “BCT Design Group” şirkəti bütün vaxtı keçmiş məbləğlərin ödənilməsini gözləyən xidmətləri dayandırmışdır. “BCT Design Group” şirkəti aşağıdakıların qəbulundan sonra bu işin yenidən başladılmasına hazırdır: bütün ödənilməmiş məbləğlərin ödənilməsi, sifarişçinin tamamlanmış və fakturası təqdim olunmuş sxematik dizayn mərhələlərinə dair yazılı təsdiqi. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə “BCT Design Group” şirkəti arasında xx.xx.2021-ci il tarixdə Baş Planlaşdırma, Konsepsiya Dizaynı və Sxemli Dizayn xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 25.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 25.000 ABŞ dolları məbləğində pul vəsaitləri qabaqcadan ödəniş etməklə “BCT Design Group” şirkətinin hesabına köçürülmüş, həmin köçürməyə əsasən “BCT Design Group” şirkəti tərəfindən sifariş edilmiş xidmətlərin 87%-i tamamlanmış və tamamlanmağa davam edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət yerinə yetirildiyi və yetirilməkdə olduğu üçün "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar