Məhkəmə qərarları › İş №3(006)-3389/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3389/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3389/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanın blokundan Zərərçəkmiş şəxs məxsus 450 (dörd yüz əlli) manat dəyərində “Salcano” markalı velosipedi gizli yolla oğurlayaraq, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 3(006)-3389/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) ay müddətində inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbs müddətinin əvvəli 03 iyul 2023-cü il tarixdən, saat 03:00-dan hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 3(103)-1482/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair 03 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş, Şəxs barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində 2 nəfər şəxs onun yaşadığı ünvan 1 evin 10-cu mərtəbəsinə qalxıb ona məxsus olan velosipedin zəncirini qıraraq oğurlamışlar. Bu hadisənin təhlükəsizlik kameralarına əks olunmuş videogörüntülərini məhkəməyə təqdim etmişdir. Bu əməli törədən şəxslərin hələ də müəyyən edilməməsi onu çox narahat edir. Göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, inzibati xəta haqqında materiallar Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177ci (oğurluq) maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, əməli törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat 23:28 radələrində iki naməlum şəxs ünvan 1 ünvanın blokuna gizli olaraq daxil olmuş, velosipedə yaxınlaşaraq onu oğurlamaq barədə plan qurmuş, daha sonra şəxslərdən biri qorumaq məqsədilə kənarda gözləmiş, digəri isə velosipedin bağlı zəncirini qırmış və nəticədə velosipedi gizli olaraq talamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin dispozisiyası oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Hazırki iş üzrə 03 aprel 2023-cü il tarixdə saat 23:28 radələrində iki şəxs ünvan 1 ünvanın blokuna gizli olaraq daxil olmuş, velosipedə yaxınlaşaraq onu oğurlamaq barədə plan qurmuş, daha sonra şəxslərdən biri qorumaq məqsədilə kənarda gözləmiş, digəri isə velosipedin bağlı zəncirini qırmış və nəticədə velosipedi gizli olaraq talamışlar. Göründüyü kimi hazırki iş üzrə oğurluq hadisəsinin iki nəfərdən ibarət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ehtimal edilir və zərər çəkmiş şəxsə dəymiş ziyanın məbləği müvafiq olaraq 450 (dörd yüz əlli) manat, yəni 100 (yüz) manatdan yuxarı təşkil etmişdir. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilməsi ehtimal edilən inzibati xətada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar qeyd olunan xüsusatlara hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 85, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar qeyd olunan xüsusatlara hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar