Məhkəmə qərarları › İş №3(006)-3390/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3390/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3390/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X7, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx xxxx 1998-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 21 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi 30 ünvanının qarşısında X4 məxsus 400 manat dəyərində “Redmi Note 13 Pro” markalı mobil telefonu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, vətəndaş X2 RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 21 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi 30 ünvanının qarşısında ona məxsus 400 manat dəyərində “Redmi Note 13 Pro” markalı mobil telefon naməlum şəxs oğurlamışdır. Polis şöbəsində təhqiqatçı Sənan Bədəlov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X4 ziyan vurmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Sonuncu polis şöbəsində əməlini etiraf etmişdir. Şəxs əməlini etiraf etdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, sərxoş vəziyyətdə 21 may 2025-ci il tarixdə dayısının ona aldığı “İphone 12” markalı mobil telefonun qüsurlu olması səbəbindən onu aldığı Sumqayıt şəhərində yerləşən “İrshad” mağazasına qaytarmaq üçün taksi sifariş vermişdir. Lakin ilk duracaq kimi Nəsimi rayonu, Cavadxan küçəsini seçmişdir. Buna səbəb isə “Əcəmi” dairəsi yaxınlğında olan iki nəfər xanım dostuna dönər alıb verməsi olmuşdur. Sifariş verdikdən sonra onun olduğu yerə “Mitsubishi” markalı avtomobil yaxınlaşmışdır. O sifariş üzrə avtomobilə əyləşmiş və avtomobil “Əcəmi” dairəsinə yaxınlaşdıqda sürücüdən avtomobili saxlamasını xahiş etmişdir. O avtomobili saxladıqdan sonra anasına zəng edərək karta pul atması üçün srücüdən telefonunu xahiş etmişdir. Sürücü ona “Redmi” markalı telefonu verdikdən sonra sürücünün başının qarışıq olmasından istifadə edərək avtomobildən düşmüş və telefonla çöldə danışmağa davam etmişdir. Bundan sonra sürücünün ona baxmamasından istifadə edərək oradan qaçaraq uzaqlaşmışdır. Həmin yerdən isə birbaşa yaşadığı ünvana getmişdir. Daha sonra mobil telefonu tanımadığı şəxsə 100 manat qarşılığında satmışdır. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu və ona vaxt verilərsə dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəyəcəyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 verdiyi izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 21 may 2025-ci il tarixdə taksi üçün verilmiş sifarişə uyğun olaraq müəyyən olunmuş yerə yaxınlaşmış və orada sonradan şəxsiyyəti ona məlum olan Şəxs müştəri qismində əyləşmişdir. Bundan sonra verilmiş sifarişə uyğun olaraq Nəsimi rayonu, Cavadxan küçəsinə doğru hərəkət etdikdən sonra “Əcəmi” dairəsi yaxınlığında Azər ondan avtomobili saxlamasını və karta pul atılması məqsədilə zəng etmək üçün ona məxsus telefonu verməsini xahiş etmişdir. O özünə məxsus “Redmi” markalı telefonu Azərə verdikdən sonra sonuncu avtomobildən telefonla danışmaq bəhanəsilə düşmüş və onun başının qarışıq olmasından istifadə edərək qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, mobil telefonun oğurlanmasını başa düşmüş və bu barədə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində əməli törədən Şəxs saxlanılmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 26 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 may 2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Sənan Bədəlov tərəfindən araşdırma aparılaraq, X4 ziyan vurmuş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 27 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 26 may 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar