Məhkəmə qərarları › İş №3(006)-3394/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3394/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3394/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 14:00-da idarə etdiyim “BMW 330e Plug-in Hybrid” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə “X4" istiqamətindən “Tiblisi” istiqamətinə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxla əmri verilmiş və idarə etdiyi nəqliyyat vasitəsini dayandırmışdır. YPX əməkdaşı tərəfindən heç bir əsas olmadan nəqliyyat vasitəsinə baxış keçirilmiş, gah maşının yayları ilə bağlı, gah buferlərlə, gah da arxa buferə bəzək üçün qoyulmuş diffuzerlə bağlı suallar verilmiş, onun qanunsuz olduğu bildirilmişdir. Buferlərin konstruksiyanın əsas elementi olmadığını bildirsə də, YPX əməkdaşı tərəfindən dediklərimə məhəl qoyulmamış, idarə etdiyi nəqliyyat vasitəsinin duracağa aparılacağı bildirilmişdir. O, ilk öncə Nəsimi Rayon Polis İdarəsinin DYP şöbəsinə yaxınlaşmış və burada ondan nəqliyyat vasitəsinə əlavə səsboğucu başlığı (“nasatka”) qoyulduğu bildirilmişdir və ondan 600 manat məbləğində vəsait istənilmişdir. Daha sonra onun barəsində inzibati protokol tərtib edilməsini, bundan sonra nəqliyyat vasitəsinin duracağa aparılmasını bildirsə də, heç bir protokol olmadan, qanunsuz olaraq nəqliyyat vasitəsi duracağa aparılmış, onun duracağa qəbul edilməsi ilə bağlı yoxlama aktı da hazırlanmamışdır. O, isə nəqliyyat vasitəsində hər şeyin qanun çərçivəsində olduğuna əmin olduğuna görə DYP vəzifəli şəxsindən onun barəsində protokol tərtib edilməməsini, protokolsuz olaraq nəqliyyat vasitəsinin duracağa aparıldığını, bu barədə DİN-ə şikayət edəcəyini bildirmişdir. Bundan 2 gün sonra barəsində onun iştirakı olmadan İXM 342.2.2 və 342.5-ci maddələri əsasında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. DYP vəzifəli şəxsinin yanına gedib, işə baxılmasını tələb etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş və o, 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, İXM 342.5-ci maddəsinin (Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) bu inzibati xəta iə bağlı ümumiyyətlə əlaqəsi yoxdur. YPX vəzifəli şəxsi ona qarşı süründürməçilik olsun deyə bu maddəni potokolda qeyd etmişdir. Çünki ona məxsus nəqliyyat vasitəsinin işıq cihazlarına heç bir müdaxilə olunmamışdır. DİN və əlaqəli digər orqanlara şikayətlərindən sonra DYP-nin vəzifəli şəxsi cəriməni ödəməyini və onlar barəsində şikayətimin olmaması barədə izahat yazmağını tələb etmişdir və bundan sonra nəqliyyat vasitəsini duracaqdan təhvil alacağını bildirmişdir. O, isə əsassız yazılmış cəriməni ödəməkdən imtina etmiş və məhkəmənin fəaliyyətinin şəffaflığına inanaraq tək çıxış yolunu məhkəməyə müraciət etməkdə görür. İXM 342.2.2-ci maddəyə gəldikdə isə nəqliyyat vasitəsinin konstruksiyasına heç bir əlavə avadanlıq və ya ona qanunsuz müdaxilə olmadığına görə hesab edir ki, onun barəsində tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qeyri-qanunidir və onun əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, inzibati orqanın, yəni DYP-nin inzibati xətanı sübutetmə vəzifəsi vardır. Nəqliyyat vasitəsi BMW-nin Azərbaycandakı rəsmi serivisi olan “İmprotex Motors”a aparılmalı, yaylara, səsboğuculara, buferlərə müdaxilə olub-olmaması aydınlaşdırılmalı, “İmprotex Motors”un verdiyi rəy əsasında inzibati protokol tərtib edilməli, onun əsasında inzibati icraat başlanılmalı idi. Bütün bunların olmaması DYP-nin inzibati xətanı sübutetmə vəzifəsini yerinə yetirmədiyinə dəlalət edir. Çünki bu növ inzibati xətalarla bağlı xüsusi texniki vasitələrdən çıxarışlar lazımdır. İnsan gözü ilə bunu müəyyən etmək mümkün deyildir. Onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən inzibati xətanın sübut edilməməsi, bu barədə heç bir hərəkət edilməməsi qeyd edilən qərarın ləğvi və başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq onun barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qərar xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki,şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 342.2.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 342.2.2 və 342.5-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələrinin tələblərinin pozulması halı səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar olunmuş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X1 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar