Məhkəmə qərarları › İş №3(006)-3420/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3420/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3420/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 04.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 04.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 04.11.2021-ci il tarixdə BNA tərəfindən Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində idarə etdiyi **-NP-*** qeydiyyat nişanlı, “Mercedes 220” markalı maşın kamera vasitəsilə çəkilmişdir. Qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 izahatında bildirdi ki, X2 idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsi ünvanında saat 16:03:16-dan 16:07:09-dək 5.12 nişanından 15 metrdən az yaxınlıqda dayanmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən, dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin 04.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır və təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsinin tələbləri əsasında deyil, 124.5-ci və 124.6-cı maddələrinə uyğun aparılır. Həmin maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı Agentlik tərəfindən şəhərin müxtəlif ərazilərində kameralar quraşdırılmış və əməkdaşlar tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 06.07.2018-ci il tarixli, 181 saylı Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Bununla belə həmin maddə İnzibati Xətalar Məcəlləsinin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə təkcə 122.1-ci maddədə göstərilən deyil, həmçinin İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsi üzrə digər maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Göstərilənlərə əsasən məhkəmədən şikayət təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 04.11.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “Mercedes Benz C220 CDİ” minik markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobillə 04.11.2021-ci il tarixdə saat 16:07-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanması qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsi ünvanında saat 16:03:16-dan 16:07:09-dək 5.12 nişanından 15 metrdən az yaxınlıqda dayanmışdır. Şikayətçi barəsində tərtib olunmuş qərarın əsassız olduğunu qeyd etsə də, bunu təsdiq edən hər hansı əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara və qərara əlavə edilmiş BNA-nın kameralarında qeydə alınmış inzibati xətanın törədildiyi yerdən çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, şikayətçi İXM-nin 346.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın ləğv edilməsinə əsas olan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 04.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 04.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar