Məhkəmə qərarları › İş №3(006)-3421/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3421/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3421/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə MN ******* nömrəli, 03 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən 05 iyun 2023cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında qanuni yazılı tələbləri icra edilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək izahatında göstərmişdir ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Vətən” restoranında istifadə olunan menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar menyunun qanunvericiliyin tləbələrinə uyğunlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli götərişlə restorandan istifadə olunan menyunun qanunverciliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı tdbirlərin görülməsi və nəticəsi barədə yeddi gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi tələb olunmuşdur. Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubda göstərişin tam icra olunması üçün 5 iş günü möhlət verilməsi verilməsi xahiş edilmiş, lakin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə elektron menyulardan çıxarış təqdim olunmuşdur ki, həmin çıxarışlarda da bir sıra çatışmazlıqlar müəyyən olunmuşdur. Bununla əlaqədar “Vətən” restoranında istehlakçılara təqdim olunan menyunu qanunvericiliyin tələblərinə uyğunlaşdıraraq yeddi iş günü müddətində Dövlət xidmətinə təqdim edilməsi barədə 19 may 2023-cü il tarixli məktub göndərilsə də, Şəxs MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğunlaşdırılmış menyu təqdim olunmamışdır. Qeyd olunan tələblər yerinə yetirilimədiyinə görə Şəxs MMC barəsində İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, MMC-nin barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs MMC-nin direktoru X3 tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırova ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli, 3-21-1/2-2695/2023 nömrəli “Menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında” məktuba cavab olaraq verilmiş göstərişə əsasən menyunun qanunvericiliyin tələblərinə uyğun düzəldildiyi bildirilmişdir. “Menyunun təqdim olunması haqqında” 19 may 2023-cü il tarixli məktubdan görünür ki, Şəxsnə məxsus “Vətən” restoranında istehlakçılara təqdim olunan menyunu qanunverciliyin tələblərinə uyğunlaşdıraraq bir nüsxəsini yeddi iş günü müddətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan” Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6-cı bəndinə əsasən göstərilən xidmələri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı təklif olunan xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri, istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept) barədə istehlakçıya məlumat verməlidir. Qaydaların 23.7-ci bəndinə əsasən istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır.. Qaydaların 23.17-ci bəndinə əsasən ictimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 01 (bir) ay müddət müəyyən edilsin və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimə ödənilməsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar