Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3424/2020 21.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Şikayətçi - barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Gürkan Andaçın vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilmişdir ki, “xxxx” MMC-in xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış ********** nömrəli Nizamnaməsinin, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq həmin cəmiyyətin xx.xx.2019-cu il tarixli 01 nömrəli əmri ilə “Daxili Nəzarət Şöbəsi müstəqil struktur vahidi olaraq ləğv edilmişdir. Bundan sonra MMC-in direktoru Gürkan Andaçın xx.xx.2019-cu il tarixli 193 nömrəli əmri ilə Daxili Nəzarət Şöbəsinin müdiri ştatında işləmiş Əliağa Həşimov ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam verilmişdir. Əliağa Həşimov “xxxx” MMC-in sabiq direktoru, Türkiyə Respublikasının vətəndaşı Gürkan Andaçın qanuni fəaliyyətinə kölkə salmaq məqsədi ilə əsassız olaraq əmək bir çox orqanlara həqiqətə uyğun olmayan müxtəlif məzmunlu şikayətlər etmişdir. Ə.Həşimovun müraciəti əsasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinin xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati qərarı ilə xxxxMMC-in direktoru, Türkiyə Respublikasının vətəndaşı Gürkan Andaç vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1.800 manat məbləğində cərimə edilmişdir. 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin qeyd qərarı tam qanunsuz olmuşdur. Bu qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, X9 Respublikasının vətəndaşıdır və onun sərbəst bildiyi dil türk dilidir. Buna baxmayaraq o, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunmamışdır. Nəticədə, onun tərcüməçinin xidmətlərindən pulsuz istifadə etməklə sərbəst bildiyi türk dilində - ana dilində iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək və s. kimi hüquqları məhdudlaşdırılmışdır. O, bu hüquqlardan istifadə edə bilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 49 və 61-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə, Türkiyə Respublikasının vətəndaşı Gürkan Andaç barəsində cərimə növündə tənbeh İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edilməmişdir. İnzibati xəta haqqında iş üzrə sübutlar, o cümlədən inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, vəzifəli şəxs kimi Gürkan Andaçın təqsirinin olubolmaması, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və sair düsgün müəyyən edilməmiş və düzgün qiymətləndirilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 31, 75 və digər maddələrinin tələbləri də pozulmuşdur. Həmçinin, inzibati xəta haqqında protokol tərtib edilərkən və xx.xx.2019-cu il tarixli ******* nömrəli inzibati qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsi 100-cü, 101ci və 115-ci maddələrinin də tələbləri pozularaq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməmiş, qərarda vəzifəli şəxs olan Gürkan Andaçın vətəndaşlığı, döğulduğu tarix, atasının adı, fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Gürkan Andaçın vəkili Vəkil şikayəti müdafiə edərək izahatında bildirdi ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Gürkan Andaç barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbinin pozulmasının nədə ifadə olunması öz əksini tapmamış, iş üzrə bütün faktiki hallar araşdırılmadan yalnız Ə.Həşimovun izahatı ilə kifayətlənilmiş, digər sübutların toplanılması üçün tədbirlər görülməmiş, nəticədə şikayətdə qeyd olunan kobud qanun pozuntularına yol verilərək əsassız olaraq Gürkan Andaç barəsində qərar qəbul edilmişdir. Qeyd edir ki, “xxxx” MMC-in təsisçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağında şirkətdə bəzi struktur bölmələrin komplektləşdirilməsi və Daxili nəzarət şöbəsinin və onun müdiri ştatının ləğv edilməsi qərara alınmış, bu qərarla bütün məsul və rəhbər şəxlər tanış olaraq müvafiq sənədi imzalasalar da, Əliağa Həşimov bunu imzalamaqdan imtina etmişdir. Çünki, ixtisara məruz qalan struktur məhz onun müdiri olduğu şöbə idi. “xxxx” MMC üzrə xx.xx.2019-ci il tarixli əmrlə həmin şöbə və onun müdiri ştatı ləğv edilmiş, xx.xx.2019-cu il tarixli əmrlə isə Ə.Həşimovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam verilmiş, onun bankda olan hesabına son haqq-hesab və kompensasiya ödənişi köçürülmüşdür. Ə.Həşimov Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edərkən göstərmişdir ki, guya onun əmək müqaviləsinə o, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə məzuniyyətdə olarkən xitam verilmişdir. Halbuki, Ə.Həşimov “xxxx” MMC-də işlədiyi müddətdə bir neçə dəfə - 2016-cı ilin iyul və noyabr aylarında, 2017-cı ilin avqust ayında, 2018-cı ilin sentyabr ayında və 2019-cu ilin iyul ayında əmək məzuniyyətindən istifadə etmiş, əmək müqavisinə xitam verilərkən isə o, məzuniyyətdə olmamışdır. Onun bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etdiyi, bəlli olmayan hansısa cədvəl isə rəsmi sənəd hesab oluna bilməz. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X4 izahatında bildirdi ki, “xxxx” MMC-nin Daxili nəzarət şöbəsinin müdiri olaraq işləmiş Əliağa Həşimovun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsinə dair onun müraciəti üzrə araşdırma aparılarkən yalnız onun təqdim etdiyi sübutlara baxılmış, digər dəlillərin əldə olunması üçün görülmüş tədbirlərə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Toplanmış materiallara əsasən Gürkan Andaçın əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: “xxxx” MMC-nin təsisçilərinin Ümumi Yığıncağının xx.xx.2019-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Daxili nəzarət şöbəsi müstəqil struktur bölməsi və buna müvafiq olaraq həmin şöbənin müdiri ştatı ləğv edilmiş, qərarın bu bəndinin icrası MMC-nin direktoru Gürkan Andaça tapşırılmışdır. Bu qərarla Maliyyə məsələləri üzrə direktor müavini, baş mühasib, satış şöbəsinin müdiri tanış olaraq müvafiq imza atılmış, “Daxili nəzarət şöbəsinin müdiri” qrafasının qarşısında isə xətt çəkilmşdir; xx.xx.2019-cu il tarixli, 01 saylı “Cəmiyyətin struktur bölmələrinin yenidən təşkili barədə” əmrə əsasən “xxxx” MMC-nin Daxili nəzarət şöbəsi və buna müvafiq olaraq həmin şöbənin müdiri ştatı ləğv edilmişdir; “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 193 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən struktur dəyişikliyi nəticəsində ləğv edilmiş Daxili nəzarət şöbəsinin müdiri ştatında işləyən X3 əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir; X6 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış, xx.xx.2019-cu il tarixli, H-668 nömrə ilə qeydiyyata alınmış ərizədə qeyd olunur ki, o, xx.xx.2015-ci il tarixdən “xxxx” MMC-nin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. 04-xx.xx.2019-cu il tarixlərdə qeydiyyatda olduğu ünvana onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlər göndərilmişdir. Həmin bildirişlər ona 09-xx.xx.2019-cu il tarixlərdə çatdırılmışdır. O, 2019-cu il sentyabr ayının 02-dən 15-dək olan müddət ərzində əmək məzuniyyətində olmuşdur. Buna baxmayaraq o, həmin dövrdə işdən azad olunmuşdur. Şirkətdə sənəd dövriyyəsi virtual formada həyata keçirilir. İşçi məzuniyyətə çıxan zaman ərizəsini imzalayıb İnsan resursları şöbəsinə təhvil verir və əmrlə tanış olmur. Əmr “SAP” proqram təminatına daxil edilir. Bununla bağlı sistemdən çıxarış ərizəyə əlavə edilir. Onunla bağlanılmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir; xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X7 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.800 manat məbləğində cərimə edilmişdir; “xxxx” MMC tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişin surətindən aydın olur ki, şirkət struktur vahidlərinin dəyişdirilməsi nəticəsində onunla bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. xx.xx.2019-cu il tarixdə qeydiyyatda olduğu ünvana bildiriş göndərilərək ondan xx.xx.2019-cu il tarixinədək əmr, əmək kitabçası və s. sənədləri təhvil alması bildirilmişdir. Eyni zamanda müqaviləyə uyğun olaraq ona təhkim edilmiş qiymətliləri, yəni şirkətə məxsus **- AC-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA” markalı nəqliyyat vasitəsi, giriş kartı, yanacaq üçün kart, ona təhkim olunmuş otağın açarı, “HP Pavilion” markalı kompyuterin dərhal geri qaytarılması tələb olunmuşdur. Gönrəilən bildirişin təhvil alınmasına baxmayaraq həmin tarixdə o, ofisə gəlməmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixinədək şirkətə gəlməsi xahiş olunmuşdur. Eyni zamanda onunla olan müqaviləyə əsasən ona təhkim edilmiş sözügedən qiymətliləri dərhal geri qaytarması tələb olunur; Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən “xxxx” MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, **********7 saylı və xx.xx.2019-cu il tarixli, 191301/1 saylı bildirişlərdən aydın olur ki, X3 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciəti əsasında məsələnin araşdırılması məqsədilə şirkətin nümayəndəsi həmin quruma dəvət olunmuş, daha sonra isə xx.xx.2019-cu il tarixdə bildirişin göndərilməsinə baxmayaraq, heç bir sənəd təqdim edilmədiyindən, yenidən xx.xx.2019-cu il tarixədək sənədlərin təqdim edilməsi tələb olunmuşdur; 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən “xxxx” MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, 191301/1/3 saylı bildirişə əsasən inzibati xəta haqqında işə baxılması xx.xx.2019-cu il tarixə, saat 11-ə təyin olunmuş, şirkətin nümayəndəsi həmin quruma dəvət olunmuş, gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı qeyd olunmuşdur; 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən “xxxx” MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubdan aydın olur ki, qurum tərəfindən şirkətdə Ə.Həşimovun müraciəti əsasında araşdırma aparılmış, əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edildiyindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar icra olunması üçün şirkətə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, “xxxx” MMC-nin keçmiş Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində işləmiş X3 şirkət tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, xx.xx.2019-cu il tarixdə Gürkan Andaç barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuş və bu protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, 1.800 manat məbləğində cərimə edilmişdir. xxxxMMC-nin xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə struktur dəyişikliyi nəticəsində ləğv edilmiş Daxili nəzarət şöbəsinin müdiri ştatında işləyən X3 əmək müqaviləsinə həmin tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Ə.Həşimovun Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış müraciətində onunla əmək müqaviləsinə xitam verildiyi müddətdə əmək məzuniyyətində olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə yalnız sübut qismində şirkətin rəsmi olaraq təsdiqlənmiş əmrin əvəzinə, faktın doğruluğunu təsqdiq etməyə kifayət etməyən hansısa sistemdən çıxarış təqdim edilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında iş üzrə icraat 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla barəsində icraat aparılan G.Andaçın iştirakı təmin olunmadan aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmişdir. Araşdırma zamanı X3 izahatı, onun təqdim etdiyi sənədlərlə kifayətlənərək başqa heç bir əlavə sübut toplanılmamış, barəsində icraat aparılan şəxsin təqsirləndirildiyi əməli törətməsini təsdiq edəcək mötəbər dəlillər əldə olunmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Halbuki, məhkəməyə təqdim olunmuş sənədlərə əsasən “xxxx” MMC-nin təsisçilərinin Ümumi Yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən Daxili nəzarət şöbəsi müstəqil struktur bölməsi və buna müvafiq olaraq həmin şöbənin müdiri ştatı ləğv edilmiş, qərarın icrası MMC-nin direktoru Gürkan Andaça tapşırılmışdır. Bu qərarla Maliyyə məsələləri üzrə direktor müavini, baş mühasib, satış şöbəsinin müdiri tanış olaraq müvafiq imza atılmış, “Daxili nəzarət şöbəsinin müdiri” qrafasının qarşısında isə xətt çəkilmşdir. xx.xx.2019-cu il tarixli əmrə əsasən “xxxx” MMCnin Daxili nəzarət şöbəsi və buna müvafiq olaraq həmin şöbənin müdiri ştatı ləğv edilmiş, xx.xx.2019-cu il tarixli, 193 saylı əmrlə isə Daxili nəzarət şöbəsinin müdiri ştatında işləyən X3 əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3424/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3424/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver