Məhkəmə qərarları › İş №3(006)-3424/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3424/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3424/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 16:43 radələrində idarə etdiyi “X6” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ünvan 1 ünvanda hərəkətdə olduğu zaman polis əməkdaşı onu saxlamış və onun sözügedən ərazidəki işıqforun qırmızı işarəsi yanan zaman nəqliyyat vasitəsini idarə etdiyini bildirmişdir. O, polis əməkdaşına avtomobildə olan video registratora birlikdə baxmağı təklif etsə də, sonuncu həmin görüntülərə baxmamış, narazı olduğu təqdirdə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək özünün mobil telefonunda hadisənin görüntülərini əks etdirən videonu nümayiş etdirib şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 16:43-də idarə etdiyi “X6” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi tərəfindən təqdim edilən mobil telefonda olan video görüntüdən aydın olur ki, X3 idarə etdiyi avtomobil ilə mübahisəli yolda hərəkətdə olarkən işıqforun yaşıl işığı yanıb-sönür, bu zaman o qarşısında hərəkət edən yük maşını dayandığı üçün onu sağ tərəfdən keçib dairəyə daxil olarkən digər tərəfdə qarşıda quraşdırılmış işıqforun qırmızı işığının yandığı aşkar şəkildə görünür. Buna baxmayaraq o, hərəkətini davam edib dairəyə daxil olaraq sola dönür. Məhkəmə şikayəti, ona əlavə olunmuş sənədləri və nümayiş etidirlən videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndində qeyd olunur ki, qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi hərəkətin qadağan edildiyini bildirir. Beləliklə müəyyən edilir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 16:43-də idarə etdiyi “X6” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə haqlı olaraq Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar