Məhkəmə qərarları › İş №3(006)-3425/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3425/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3425/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər BPİ X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, “X8” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassız olduğundan Qərar ləğv edilməli və icraata xitam verilməlidir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il saat 11:11 radələrində ********** nömrəsindən özünü DYP əməkdaşı kimi təqdim edən şəxs tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı ona Bakı şəhər DYPİ-nin 27-ci otağına yaxınlaşmasını bildirilmişdir. Lakin o, bu məsələ ilə bağlı etirazını bildirərək qayda pozuntusu ilə bağlı şəxsi kabinetinə heç bir pozuntunun daxil omadığını bildirmişdir. Bundan sonra saat 14:35-də ona İXP ******* nömrəli protokol tərtib olunaraq şəxsi kabinetinə yerləşdirilmişdir. Bu da onu sübut edir ki, həmin əməkdaşın ona zəngindən sonra bildirdiyi irad əsasında “cərimə ilə bağlı protokol” şəxsi kabinetinə yerləşdirilmişdir. Həmçinin, cərimənin tətbiq edilməsinə baxmayaraq, şəxsi kabinetinə yerləşdirilmədən bir başa polis əməkdaşı tərəfindən zəng vasitəsilə 27-ci otağa dəvət olunması və bundan sonra görüntülərin təqdim ediləcəyi şübhə doğurur. Şəxsi kabinetinə yerləşdirilmiş inzibati xəta protokolunda inzibati xətanın pozulmasıyla bağlı hər hansı bir şəkil, video görüntü, xətanın görüntüsü, maşının görüntüsü və digər sübutedici faktlar şəxsi kabinetinə yerləşdirilməmişdir. İnzibati xəta protokolundan elektron qaydada (ASANPay vasitəsilə) şikayət etməsinə, eyni zamanda Daxili İşlər Nazirliyinə onlayn qaydada şikayət etməsinə baxmayaraq, şikayət araşdırılıb cavab verilmədən ona tərtib olunmuş protokolun qərarı xx.xx.2024-cü tarixdə qüvvəyə minmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən onun xx.xx.2024-cü il tarixdə saat 16-37-də Nəsimi rayonu, D.Əliyeva, F.Əmirov ünvanında idarə etdiyi “Hundai Accent” minik markalı, **-ER-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanmə xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə X3 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi iddia edilmişdir. İnzibati xətanın törədilməsi haqqında protokolun xx.xx.2024- cü il tarixli, TP ******* nömrəli qərarı qüvvəyə minmiş və ona 150 AZN cərimə, 4 cərimə balı tətbiq edilmişdir. Məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə 04 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarix 3(006)-2574/2024 nömrəli Qərarı ilə şikayətim qismən təmin edilərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. xx.xx.2024-cü il tarixdə inzibati protokolun qərarında dəyişiklik edilmədən yenidən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Araşdırma ilə bağlı bildirirəm ki, göstərilən tarixdə yenidən araşdırılma ilə bağlı Bakı şəhər DYPİ-yə dəvət olunmuşdur. İlk növbədə xx.xx.2024-cü il tarxli İXP ******* nömrəli protokola əsasən onun xx.xx.2024-cü il tarixdə saat 16:37-də Nəsimi rayonu, D.Əliyeva, F.Əmirov ünvanında qayda pozmağı ilə bağlı görüntülər deyil, ona göstərilən görüntülərin xx.xx.2024-cü il tarixində Təhlükəsizlik Şəhər Kamerası ilə qeydiyyata alınan olduğunu bildirir. İkinci növbədə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Əgər şəxs hər hansı bir yol hərəkət qaydasını pozursa (İXM Maddə 122 1-də göstərilən maddələr nəzərdə tutulur) və bu qayda pozuntusu Xüsusi Texniki Vasitənin (XTV) köməyi ilə aşkar edilirsə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Əgər XTV köməyi ilə aşkar edilən qayda pozuntusu 1 gün (24 saat) müddətində inzibati xəta törətmiş şəxsin elektron kabinetinə yerləşdirilmirsə, 1 həftə, 10 gün, 1 ay sonra həmin şəxsə zəng vurub idarəyə çağıraraq protokol tərtib etmək və məsuliyyətə cəlb etmək birmənalı qanunsuzdur. Əlavə olaraq bildirir ki, yuxarıda qeyd edilən video görüntüdə yerdə “sağa və sola” nişanını əsas götürərək sol hərəkət zolağı ilə hərəkət zamanı F.Əmirov küçəsindən D.Əliyeva küçəsinə dönmüşdür. Eyni zamanda F.Əmirov küçəsindən D.Əliyeva küçəsinə yoxuşla hərəkət zamanı qırıq xəttin görünməsi məhdudiyyəti vardır. Yerdə çəkilən “sağa və sola” dönmə nişanı əsas götürərək sola dönmə manevrini həyata keçirmişdir. Eyni zamanda bildirir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hessb edilir. 82-ci maddəyə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin, 8.3-cü bənddə qeyd olunur ki, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsiri olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın pozulmasıyla bağlı hər hansı bir şəkil, video görüntü, xətanın görüntüsü, maşının görüntüsü və digər sübutedici faktlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhər BPİ X10 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən həmin qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Bakı Şəhər BPİ X10 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Göründüyü kimi, Bakı Şəhər BPİ X10 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı əsassız olaraq qəbul edilmiş, inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarından X6 tərəfindən İXM-nin 327.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş foto görüntüdə şəxsin inzibati xəta törətmədiyinin müəyyən edildiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Bakı Şəhər BPİ X10 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar