Məhkəmə qərarları › İş №3(006)-3431/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3431/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3431/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru polis serjantı X2, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1985-ci ildə Rusiya Federasiyası, Rostov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, avtoyuma məntəqəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, Şəxs barəsində DİN Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-dən və Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.20223cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 3(006)-3432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hər iki protokol bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmiş, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs 08 iyul 2023-cü il tarixdə DYP-nin əməkdaşları tərəfindən qayda pozarkən saxlanılmış, Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə THC və AMP aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X5 öz izahatında bildirmişdir ki, Şəxs kəmərdən istifadə etməməsinə görə saxlanılmış və aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Şəxs özünü şübhəli apardığı üçün Respublika Narkoloji Mərkəzinə gətirilmiş və onun narkotik vasitələrin təsiri altında olduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o, avto yuma məntəqəsində çalışır, idarə etdiyi AUDİ Q7 minik markalı, **-RP- *** dövlət nişanlı nəqliyyat vasitəsinin sahibi onun müştərisi olub və məhz həmin nəqliyyat vasitəsinin sahibi ondan xahiş etmişdir ki, nəqliyyat vasitəsini aparıb yusun. O, özünü təqsirli bilır, etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 4279 nömrəli aktından görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:05-də inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixində azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 1 (bir ay) müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 iyul 2023-cü il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar