Məhkəmə qərarları › İş №3(006)-3443/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3443/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3443/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi Hancı Semsetdinin vəkili “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Hancı Semsetdin tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hancı Semsetdin şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmənin 01 sentyabr 2022-ci il tarixli, 3(009)-1389/2022 saylı qərardadı ilə (hakim: Ü.S.Şükürova) “TRZ X8 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru Hancı Şemsetdinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən X5 Xidmətinin **********5/22 saylı, 11 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi, vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunması və şikayətin mahiyyəti üzrə baxılması barədə verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, «TRZ X8 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs «TRZ X8 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Hancı Şəmsətdinin də, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli MN № ******* saylı qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi hesab etmişdir ki, İ.Q.İsmayılov xx.xx.2021-ci il tarixdən 2022-ci ilin yanvar ayına kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən «TRZ X8 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 3(006)-262/2022 saylı qərarı ilə «TRZ X8 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, «TRZ X8 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı ilə X2 arasında xx.xx.2021-ci il tarixdə qanunvericiliyin tələblərinə riayət olunmaqla əmək müqaviləsi bağlanmış və bu müqavilə hüquqi qüvvəyə minməklə Q.İ.İsmayılov işə cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-850/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 3(006)-262/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən hesab edir ki, hüquqi şəxs «TRZ X8 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati icraata xitam verildiyi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 11 yanvar 2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməli və vəzifəli şəxs H.Şəmsətdinin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 11 yanvar 2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi, vəzifəli şəxs H.Şəmsətdinin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən H.Semsetdinin vəkili Nümayəndə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs H.Şəmsətdin xarici vətəndaşdır və müvəqqəti yaşamaq üçün vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixə qədər olduğunu nəzərə alsaq, onun Azərbaycan Respublikasında qalmaq müddəti 2021-ci ilin noyabr ayının 24-nə qədər olmuşdur. Daha sonra da, onun dekabr və yanvar aylarında da qısa müddətli ölkəyə səfərləri olmuşdur. İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına göndərilsə də, həmin ərəfədə Hacı Şəmsətdin ölkə xaricində olmuşdur. Eyni zamanda qeyd olunan ünvan H.Şəmsətdinin qanuni təmsilçilik etdiyi «TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının rəsmi ünvanı olmasına baxmayaraq, şirkətin əsas fəaliyyəti işqaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasından ibarət olduğundan, şirkətin faktiki ünvanı işğaldan azad olunmuş Füzuli rayonunda yerləşir. H.Şəmsətdin carı ilin əvvəllərindən ölkə xaricində olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında qərarı rəsmi qaydada ona təqdim olunmamışdır. Bundan başqa, o bildirmişdir ki, işçilərdən biri şikayət edərək işə buraxılmadığını bildirmişdir. Həmin işçi rəsmi reyestrdən keçirilməklə və müqavilə bağlanılmaqla işə götürülmüşdür. Sadəcə texniki səhv olduğundan göndərilən müqavilədə imza olmamışdır. İşin araşdırılması zamanı həmin işçindən bu hal sual edilsəydi o, həmin halı təsdiq edərdi. O, həmçinin bildirmişdir ki, H.Şəmsetddin barəsində qəbul edilmiş qərardan yalnız icra məmurunun bildirişinə əsasən məlumatlı olmuşlar. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi A.T.Vəlizadə bildirmişdir ki, vətəndaş Əmək Müfəttişliyinə müraciət edərək onun işə noyabr ayında başladığını, dekabr ayında isə işə buraxılmadığını bildirmiş, müfəttişlik tərəfindən araşdırma aparılmış və nəticədə həmin vaxt inzibati xəta haqqında protokol tərtib edilmiş və tərəflərə bu haqda məlumat verilmişdir. Daha sonra «TRZ X10 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2021-ci il tarixdə müfəttişliyə işçi ilə aralarında bağlanılmış müqavilə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməməsi məhkəmədən xahiş etmişdir. Bundan başqa A.T.Vəlizadə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əmək müfəttişliyinin əməkdaşları tərəfindən diqqətsizlik edilərək vətəndaş Q.İ.İsmayılovun gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması halını müəyyənləşdirlməmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Q.İ.İsmayılov əmək müqaviləsi hüquqi qüvvəyə minmədən «TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, buna görə də şirkətin direktoru H. Semsetdin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 11 avqust 2022-ci il tarixli, İş № - **********2/22 saylı qərardadından görünür ki, Xidmətin Bakı şəhər idarəsinin 21 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş və şikayət onu vermək üçüm müəyyən edilmiş müddət buraxıldığına görə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Q.İ.İsmayılov xx.xx.2021-ci il tarixdən «TRZ X10 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialında “xadimə” kimi fəaliyyət göstərmişdir. İş materiallarına əlavə edilmiş 05 noyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Q.İ.İsmayılov həmin tarixdən “TRZ X10 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialında işə götürülmüş, aylıq əmək haqqısı 492 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Q.İ.İsmayılov tərəfindən X4 05 noyabr 2021-ci il tarixdə müraciət edərək bildirmişdir ki, o, 05 noyabr 2021-ci il tarixdə Zəngilan rayonunda yerləşən «TRZ X9 Anonim Şirkəti»də xadimə kimi işlə başladığını, 01 (bir) aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə heç bir səbəb olmadan onu işdən azad edildiyini, işdən çıxdıqdan sonra onun əmək haqqı kartına 431 manat məbləğində pul yüklənildiyini bildirmiş və işə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 3(006)-3443/2022 saylı qərardadından görünür ki, H.Semsetdin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatın qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş Q.İ.İsmayılovun qanunsuz işdən çıxarılmasına dair ərizə əsasında X5 Xidməti tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində işəgötürən «TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının direktoru H.Semsetdin tərəfindən Q.İ.İsmayılovla əmək müqaviləsi bağlanmadığını aşkar edilmiş, direktor H.Şəmsətdin barəsində Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasında 21 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə «TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının direktoru H.Semsetdin Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, şikayətçi H.Semsetdinin vəkili Nümayəndə inzibati tənbeh vermə haqqında qərardan məlumatlı olmadıqlarına əsas gətirərək qərardan şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı əmək müfəttişliyinə müraciət etmiş, müfəttişlikdə qərarın onlara çatdırılmasına əsaslanaraq şikayət vermə müddətinin bərpasından imtina edilmişdir. Bundan başqa, şikayətçinin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin surətindən müəyyən edilmişdir ki, “TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının direktoru H.Şəmsətdin Q.İ.İsmayılovla əmək müqaviləsi bağladıqdan sonra sonuncu işə cəlb edilmişdir. Göründüyü kimi, “TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Əmək qanunvericiliyinin normaları pozulmamış və vətəndaş Q.İ.İsmayılovla əmək müqaviləsi bağlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “TRZ X9 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının direktoru H.Semsetdin tərəfindən Q.İ.İsmayılovun əmək hüquqları pozulmamış, sonuncu ilə əmək müqaviləsi bağlanılmaqla ona əmək haqqı təyin etmişdir. Bundan başqa, qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hancı Semsetdinin şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar