Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3445/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 85, mənzil 192, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bakı şəhəri Yasamal rayon prokurorunun 10 sentyabr 2022-ci il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 85, mənzil 192-də yerləşən Şəxs MMC-nin tərkibində fəaliyyət göstərən «Kəpəz» hospitalında xx.xx.2021-ci il tarixdə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən X2 ilə əmək müqaviləsi bağlanılaraq onun həkim kimi işə qəbul etməklə praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması faktı aşkar edilmişdir. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində icraata aparılan hüquqi şəxsin və qərarı qəbul etmiş qurumun nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon prokurorunun 10 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 85, mənzil 192-də yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri Yasamal rayon prokurorluğuna 29 avqust 2022-ci il tarixdə daxil olmuş məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə olan məlumata əsasən X1 keçməmiş, onun bu barədə müraciəti də nazirliyə daxil olmamışdır; - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Şəxs MMC ilə X2 arasında xx.xx.2021-ci il tarixdə “həkim-Mama-ginekoloq” ixtisası üzrə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus «KƏPƏZ» hospitalında xx.xx.2021-ci il tarixdə həkim Xalidə Kəngərli sertifikasiyadan keçmədən tibbi fəaliyyətlə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarından aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 85, mənzil 192-də yerləşən Şəxs MMC-nin tərkibində fəaliyyət göstərən «Kəpəz» hospitalında xx.xx.2021-ci il tarixdə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən X2 ilə əmək müqaviləsi bağlanılaraq onun həkim kimi işə qəbul etməklə praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması faktı Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən 29 avqust 2022-ci il tarixdə aşkar olunmuşdur. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi həmin Məcəllənin 23-cü fəslinə, yəni əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İnzibati xətalar qanunvericiliyin tələblərinə əsasən əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 03 ay müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3445/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3445/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver