Məhkəmə qərarları › İş №3(006)-3449/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3449/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3449/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X4 Bakı şəhər BPİ DYPİ patrul xidməti polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ patrul xidməti polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında Bakı şəhər DYPİ-nin inspektoru polis mayoru X6 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar ilə qəbul edilmiş və həmin qərar əsasında mən 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Sözügedən protokolun və qərarın qəbul olunmasına səbəb və əsas xx.xx.2023-cü il tarixində saat 09:10 da etibarnamə ilə idarə etdiyi X2 məxsus olan “Mercedens-Benz” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Rəşid Behbudov-Ü.Hacıbəyov küçəsinin kəsişməsində hərəkətdə olarkən **-YP-*** nömrəli YPX əməkdaşı tərəfindən saxlanılmasıdır. Saxlama səbəbi olaraq polis əməkdaşı avtomobilin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinin iddia edilməsidir. Lakin o, bunu təkzib etdiyi halda yoxlamaq adı ilə yol polisi əməkdaşı tərəfindən avtomobil dayanacağına yerləşdirilmişdir. Qeyd edir ki, avtomobildə heç bir texniki baxış aparılmamış və müayinə aktı tərtib edilməmişdir. O, bunun qanuna zidd olduğunu qeyd etdikdə, polis əməkdaşı məsələni BDYPl-nin 23-cü otağına yaxınlaşıb həll etməsini izah etmişdir. xx.xx.2023-cü il tarixdə o, BDYPİ-nə qeyd olunan 23-cü otağına polis mayoru Elçin Qasımovun qəbuluna getmiş və ona avtomobilin işlənmiş qazları xaric etmə sisteminə səsboğucu normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilmədiyini bildirmişdir. Əslində istehsal ili 2001-ci il olan etibarnamə əsasında idarə etdiyi “Mercedens-Benz” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işlənmiş qazları xaric etmə sistemi yəni səsboğucu dəyişdirilmiş lakin bu dəyişim normativ tələblərə tam riayət edilməklə olmuşdur. Belə ki, etibarnamə əsasında idarə etdiyi avtomobilin sahibi Şamil İbrahimli avtomobilin orijinal səsboğucunun sıradan çıxması səbəbindən həmin avtomobilə aid olan eyni firmanın yəni “Eisenmann" firmasına məxsus olan avadanlıqla dəyişdirmişdir. Hazırda avtomobildə olan “Eisenmann" markalı AK 21/09SS;DB W203; C180-C320 seriyalı səsboğucudur. Yəni həmin səsboğucunun dəyişdiriməsi hər hansı normativ tələbləri pozmadan baş vermişdir. xx.xx.2022-ci il tarixdə avtomobil texniki baxışdan keçirilmişdir. Əgər iddia olunduğu kimi avtomobilə qurlaşdırılmış qazları xaric etmə sisteminin qurğusu normativ tələblərə cavab vermirdirsə, bu həmin vaxt müayinə zamanı aşkar olunardı. Deməli, yol polisi əməkdaşı məhz səbəbsiz olaraq onu qanunun tələbini pozmaqla ittiham etmişdir. Digər tərəfdən iddia olunduğu kimi o, avtomobilin işlənmiş qazları xaric etmə sistemində səsboğucu normativ tələbləri aşmaqla dəyişdirmişdirsə, həmin halı yol polis əməkdaşı müvafiq qaydada texniki müayinə aktının tələbinə əsas götürməklə onu inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb etməli idi. Belə bir müayinə aktı olmadan, avtomobilə mütəxəssis baxışı keçirilmədən və həmin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsi qanunsuzdur. Onu da diqqətə çatdırmaq istəyir ki, oxşar hal 2020-ci ildə avtomobilin sahibi Şamil İbrahimlinin də başına gəlmişdir. Belə ki, xx.xx.2020-ci ıl tarixdə ona avtomobilin işlənmiş qazları xaric etmə sistemindəki səsboğucunun normativ tələbləri aşmaqla dəyişdirməsi iddia edilməklə İXP ******* saylı protokol tərtib edilmişdir. Lakin mülkiyyətçi Şamil İbrahimli tərəfindən protokol mübahisələndirilmiş və hələ Bakı şəhər DYPİ-də onun şikayəti araşdırılıb avtomobil baxışdan keçirilərkən mövcud qurğunun normativ tələbləri aşmadığı təsdiq olunmuşdur. Bu barədə də vətəndaşa xx.xx.2020-ci ıl tarixli 046-22445İ- 4220 saylı məktubla inzibati xəta haqqında protokola xitam verildiyi qeyd olunmuşdur. Eyni hal təkrarlanmış, lakin onun şikayətinə Bakı şəhər DYPİ-də baxılmamışdır. Bu səbəbdən də o, hüquqlarının məhkəmə müdafiə olunması məqsədi ilə hazırkı ərizəsini ünvanlayır. Əlavə olaraq diqqətiə çatdırmaq istəyir ki, onun idarə etdiyi "Mercedens- Benz” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillin mühərrikin səs gücünün artırılması məqsədi ilə sözügedən avadalıq quraşdırılmamışdır. Normaya uyğun olaraq minik markalı avtomobildə mühərrikin səs gücünün müəyyən olunmuş səviyyəsi 75 db-dir. Hansı ki, hazırda idarə etdiyi avtomobilində olan "Eisenmann” markalı AK 21/09SS;DB W203; C180-C320 seriyalı işlənmiş qazları xaric etmə sistemi də müəyyən olunmuş normativi aşmır. Əksi iddia olunurdusa, yol polisi də bunu müvafiq müayinədən keçirməklə sübuta yetirməli və yalnız bu halda protokol tərtib edilməli idi. Son olaraq bildirmək istəyir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə iştirak etmişdir. Belə ki, 2016-cı ildə aprel döyüşlərində və 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılaraq ərazi bütövlüyün bərpası uğrunda döyüşmüşdür. Həmin döyüşdə göstərdiyi şücaətə görə 4 medalla mükafatlandırılmışdır. Bunu o səbəbdən vurğulayır ki, vətənə dövlətə bağlı, qanunlara riayət edən vətəndaşdır. Yəni hər hansı normativ tələbi pozmaqla heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Ona görə də haqqında 500 manat cərimə olunması ilə bağlı yazılmış TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X5 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, Bakı şəhəri BPİ DYPİ-nin İXHİÜİŞ-nin baş inspektoru polis mayoru Elçin Qasımov tərəfindən icraatına BDYPİ-nin “Siqnal İdarəsinin 21 saylı mühafizə olunan duracağından daxil olmuş sənədlərə əsasən xx.xx.2023-cü il tarixində “Mercedes-Benz C200” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əşrəf Quliyev tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulması faktına görə inzibati araşdırma başlanılmışdır. Autostar Kaukasus QmbH Azərbaycan MMC “Daimler AG”-nin Azərbaycanda rəsmi dillerinin servisində “Mercedes-Benz C200” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki müayinəsi aparılaraq avtomobilin katalizator sisteminə baxış keçirilmişdir. Çıxış kollektorunda qaynaq (svarka) izlərinin olması, orta səsboğan qazanı yerində olmaması, arxa səsboğan qazanı zavod istehsalçı tərəfindən quraşdırılan ilə fərqlidir dəyişdirilmişdir. Ümumi şəkildə avtomobilin səsboğan sistemi orta hissədən arxaya kimi dəyişdirilib istehslaçı zavad tərəfindən nəzərdə tutulmayan ehtiyat hissəsi quraşdırılmışdır. Bundan sonra X7 xx.xx.2023-cü il tarixində iltizam verərək avtomobili təhvil aldıqdan dərhal sonra təmir məntəqəsində aradan qaldırıb avtomobili istehsalçı şirkətin müəyyən etdiyi normativ tələblərə uyğunlaşdıracağına söz vermiş, lakin buna baxmayaraq buna əməl etmedən inzibati xətanın qəsdən edilməsini davam etdirir. Göründüyü kimi avtomobilə baxış zamanı mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıqlar dəyişdirilmişdir. “Yol hərəkəti haqqında” qanunun: birinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Qanunun ikinci bəndinə görə nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Həmin Qanunun beşinci bəndinə görə istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun. konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Göründüyü kimi, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normative texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq qanunla qadağan edildiyi halda X7 idarə etdiyi “Mercedes-Benz C200” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucunun orta hissəsi ləğv edilmiş, arxa hissəsinə (arxa qazana) müdaxilə avtomobilin arxa səsboğucu hissəsi istehsalçı zavod tələblərinə uyğun olmayan hala gətirilmiş və eyni zamanda mühərrikin səsinin birbaşa (səsboğucudan çıxmadan) xaric olunmasına, yəni texniki və normativ tələblər pozulmaqla mühərrikin səs gücünün artırılmasına nail olunmuşdur. Belə olan halda aydın olur ki, mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması halına yol verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Eyni zamanda Əşrəf Quliyev şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib 4 medalla mükafatlandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin l hissəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. O baxımdan hesab edir ki, bu hal hər bir vətəndaşı konstitusiya ilə təsbit edilmiş borcu olduğundan qanunla müəyyən edilmiş qaydada hər hansı status yaratmır. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, etiraz ərizəsinə münasibətinin bildirilməsi ilə bağlı ərizə təqdim edərək göstərdi ki, hazırda icraatda baxılan inzibati xəta haqqında iş üzrə şikayət ərizəsinə qarşı Bakı şəhər DYPİ-nin nümayəndəsi Emil Qanbayev tərəfindən verilmiş etirazda deyilənləri qəbul etmir. Belə ki, qarşı tərəf etirazın hüquqi əsasında bildirir ki, xx.xx.2023 -cü il tarixdə onun idarə etdiyi “Mercedens-Benz” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil Autostar Kaukasus QMbH Azərbaycan MMC Daimler AG aparılmış və avtomobildə texniki müayinə aparılaraq avtomobilin katalizator sisteminə baxış keçirilmiş, istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan ehtiyat hissəsi qurlaşdırıldığı qeyd etmişdir. Bildirir ki, etiraz ərizəsində bu sadəcə söz yığını kimi yazılsa da bunu təsdiq edən hər hansı hüquqi sənəd ona təqdim edilməmişdir. Reallıqda o, xx.xx.2023-cü il tarixdə DYP əməkdaşları tərəfindən saxlanılarkən maşın dayanacağa yerləşdirilmiş və bir gün sonra avtomobilini Babək prospektində yerləşən servisə sürməsini qeyd etmiş, lakin orada avtomobilə yalnız vizual baxış keçirilmiş, müayinə aktının tərtib edilməsi halları olmamışdır. Əgər etiraz ərizəsində DYP nümayəndəsi həmin halı hüquqi əsas hesab edirsə, bu halı sübuta yetirməlidir. Belə ki, həmin servisdə onun idarə etdiyi avtomobilə yalnız vizual baxılmış, hər hansı ekspert tərəfindən DYP nümayəndəsinin etiraz ərizəsində qeyd etdiyi halların aşkarlanması barədə ona mənə heç nə bildirilməmiş, həmçinin də avtomobilin müayinə olunması barədə hər hansı akt tərtib edilməmişdir. Əgər DYP nümayəndəsi bunu iddia edirsə həmin iddianı sübuta yetirməli və bu sübutu məhkəməyə təqdim etməlidir. Əks halda sadəcə söz yığınını etirazda “hüquqi əsas” olan qeyd olunması yol verilməzdir. Azərbaycan Respublikasının İXM-nin 77.1-ci maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmçinin, 77.2-ci maddəsinə görə maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Digər tərəfdən DYP nümayəndəsinin onun şikayət ərizəsinə etirazı öz mənafeləri naminə şərh etməsi və Vətən müharibəsində iştirak etməklə cənab Prezident tərəfindən təltif olunmasını konstitusiya ilə təsbit olunmuş vətənə müdafiə borcu olduğunu qeyd etməsi etik deyil. O, konstitusion hüquqlarını və vəzifələrini yaxşı bilir. O, Vətəni müdafiə etmək vəzifəsini bildiyi üçün Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə iştirak etmişdir. Orada gördüklərini və yaşadıqlarını heç kimə arzu etmir. Şikayət ərizəsində bu xüsusatı qeyd etməklə, DYPİ rəsmisinin “şərh etdiyi” kimi qabartmaq yaxud imtiyaz məqsədi ilə vurğulamamışdır. Bunu məhz bu səbəbdən vurğulamışdır ki, o, vətənə, dövlətə bağlı, qanunlara daima riayət edən hüquq və vəzifələrini yaxşı bilən vətəndaş olduğu üçündür. Bir daha qeyd edir ki, hər hansı normativ tələbi pozmaqla heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. O səbəbdən də işə obyektiv baxılmasını, sübutlara düzgün hüquqi qiymət verilərək Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis mayoru X6 tərəfindən barəsində tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ patrul xidməti polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X7 mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi qaydalarını pozmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ DYPİ patrul xidməti polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ DYPİ patrul xidməti polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar