Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3454/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğullmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixində saat 13:40 radələrində Nəsimi rayonu N.Yusifbəyli küçəsində idarə etdiyi “Toyota” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan vaxt ehtiyatsızlıq edib gözləmədiyi üçün piyada yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 16 iyun 2023-cü il tarixdə saat 13:40 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsində hərəkətdə olarkən yolun sağ tərəfində park etmiş “Ford Fusion” nəqliyyat vasitəsindən sürücü düşmüş tez addımlarla yolu keçməyə başlamışdır. Lakin həmin nəqliyyat vasitəsinin qapısı açıq qaldığından sürücü anidən geriyə doğru hərəkət etmiş, o da nəqliyyat vasitəsinin sürətini həmin vaxt azalda bilmədiyindən əyləci bassa da, avtomobili saxlaya bilməmiş və sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmuşdur. O dərhal avtomobildən düşərək həmin şəxsə köməklik göstərməyə çalışmışdır. Lakin həmin şəxs səhhətinin normal olduğunu bildirmiş, hər hansı köməklik göstərilməsini istəməmişdir. O, Zərərçəkmiş şəxs avtomobilinin farasının sınmasını və həmin avtomobil hissəsinin alınıb verilməsini tələb etmişdir. Lakin həmin şəxs onun sözündən əsəbləşmiş və polis əməkdaşlarını əraziyə çağırmışdır. Daha sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisə yerinin kamera görüntülərini izlədikdə onun təqsirsiz olduğu müəyyən olunur. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilən 246 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adma X1 tərtib olunmuş xx.xx.2023-cü il tarixli 1054 saylı tibbi arayışda qeyd olunan başın küt travması, boyunun əzələ gərilməsi, döş qəfəsi küt travması, sol topuğun əzilməsi küt əşyanın (əşyaların) təsirindən onun X2 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 8/627 saylı ekspert rəyindən görünür ki, “Toyota Prius” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin srücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 04 aprel 2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK- 144 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan 03 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3454/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3454/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver