Məhkəmə qərarları › İş №3(006)-3456/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3456/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3456/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi ilə əlaqədar vəsiqənin dəyişdirilməsi üçün 07 iyun 2023-cü il tarixdə ASAN 2 xidmət Mərkəzinə müraciət edərkən DİN-nin BDYPİ-nin əməkdaşı 2019-cu ildən 2022-ci ilədək olan müddətdə Bakı Nəqliyyat Agentliyi tərəfindən adına rəsmilləşdirilmiş “Nissan X-Trail” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22 dəfə inzibati cərimənin tətbiq edilməsi ilə bağlı elektron sisteminə məlumat daxil etməsi səbəbindən cərimələrin ödənilmədiyi halda vəsiqənin dəyişdirilməsi mümkün olmadığını bildirmişdir. Bu məsələni araşdırmaq üçün həmin tarixdə Bakı Nəqliyyat Agentliyinə ərizə ilə müraciət edərək idarə etdiyi avtomobil ilə əlaqədar barəsındə qəbul olunmuş inzibati xəta haqqında qərarların ona təqdim edilməsini xahiş etmiş və həmin gün BNA-nın əməkdaşı ona ofis kağızında çap formasında BNA-nın WEB portalından 23 ədəd qərarların surətlərini təqdim etmişdir. Yəni, göründüyü kimi barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlar barədə o, faktiki olaraq xx.xx.2023-cü il tarixdə məlumatlandırılaraq həmin qərarların surətlərini əldə etmişdir. Qərarların elektron sistemindən çıxarılıb çap edilmə vaxtı qərarın sol yuxarı hissəsində əksini tapır. Qanunvericilikdə şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddəti pozmamışdır. Hesab edir ki, BNA-nın qəbul etdiyi xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında ******* saylı qərar əsassız və qanunsuzdur. Belə ki, Bakı Nəqliyyat Agentliyi xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında ******* saylı qərarı qəbul edərkən qanunun bir sıra tələbləri pozulmuşdur. Belə ki, onun internet informasiya resursunda yaradılan elektron kabinetinin olmaması, istifadəsində olan mobil telefon nömrəsinə elektron kabinetin internet ünvanı və daxil olma qaydası barədə SMS məlumatın daxil olmaması, İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyatda olduğu ünvana göndərilmədən ona və ya onunla yaşayan yetkinlik yaşma çatmış şəxsə şəxsən verilməməsi, xx.xx.2019-cu il tarixdə iştirakı olmadan qəbul olunmasına baxmayaraq öz təşəbbüsü əsasında ona yalnız xx.xx.2023-cü il tarixdə çatdırılması onu dəlalət edir ki, qeyd olunan qərar əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs X2 vəsatətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində tərtib olunmuş qərarından Nərimanov Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsi ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməklə 3(006)-3456/2023 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 3(006)- 3456/2023 saylı inzibati iş üzrə mübahisələndirdiyi qərarda törədilməsi BNA tərəfindən iddia olunan qayda pozuntusunun bir ildən artıq müddətdə qeydə alınmasına baxmayaraq həmin təşkilatın inzibat qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə riyaət etməməsi səbəbindən, yəni qəbul olunmuş qərarın ona rəsmi poçt vasitəsi ilə göndərilməməsi, BNAnın və BDYPİ-nin elektron məlumat bazalarından mobil telefonu olduğu halda ona SMS vasitəsilə bildirişin verilməməsi, elektron kabinetinin yaradılmaqla həmin kabinetdə yaradılmaması səbəblərindən bu qərarın ona göndərilməsi yalnız xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü nəticəsində məlum olmuşdur. Belə ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ASAN xidmət mərkəzlərinin birində xidmət göstərən DİN-nin BDYPİ-nin əməkdaşına müraciət edən zaman həmin əməkdaş ona 2019-2022-ci illər ərzində BNA-nın barəsində dəfələrlə inzibati qərarların qəbul edilməsini bildirmişdir. O isə öz növbəsində bu barədə məlumat aldığı günü qanunvericilikdə nəzərdə tutulmuş müddətləri riayət etməklə 10 gündən artıq olmayan müddətdə həmin qərarın mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmişdir. BNA-nın ona qeyd etdiyi qərarın təqdim etdiyi tarix ərizəsinə əlavə etdiyi elektron məlumat sistemindən çıxarışında (birinci vərəqin yuxarı sol küncündə) öz əksini tapmışdır. Onu da qeyd edir ki, barəsində tərtib olunmuş qərarın surətini almaq üçün BNAnın inzibati binasına daxil olub bu qərarları almaq üçün yazdığı ərizəni təqdim edən zaman həmin təşkilatın müvafiq əməkdaşı bu ərizəni qəbul etsə də, vətəndaşların müraciətlərinə baxılması və kargüzarlıq haqqında qanunvericiliyi kobud surətdə pozaraq həmin ərizəni qeydiyyata salmadan, sadəcə “bu ehtiyacı yoxdur, rəhbərliyi xırda məsələlərə görə narahat etməyək” ifadəsi ilə kifayətlənərək qəbul olunmuş qərarları ona elektron bazasından çap elməklə əlbəəl vermişdir. BNA-nın səriştəsizliyi və əməkdaşlarının özlərinin bildiyi qaydada davranış xətti ilə fəaliyyət göstərmələri elə buradan aydın olur. Necə olur ki, müraciətləri əsasında məhkəmə orqanları işə baxarkən göndərdikləri bildirişləri ona SMS və poçt vasitəsi ilə vaxtında çatır, DİN-nin BDYPİ-nin barəsində vaxtı ilə qəbul etdiyi inzibati qərarlar barədə o vaxtında məlumatlandırılır, amma BNA qəbul etdiyi qərarları 1-3 il müddət ərzində qeydiyyat və yaşayış ünvanı və mobil telefon nömrəsi məlum olan vətəndaşa çatdıra bilmir. Əmindir ki, məhz BNA-nın sistematik olaraq nəyin ki, onun, eləcə də onun kimi on minlərlə vətəndaşın hüquqlarının pozması hallarına yol verməsi səbəbindən kütləvi şəkildə şikayətlərin daxil olması səbəbindən keçən il yol hərəkət qaydalarının pozması üzrə inzibati təcrübə sahəsində səlahiyyətləri alınaraq yenidən DİN-nin BDYPİ-nə verilmişdir. Bu məsələnin faktiki tərəfidir. Göründüyü kimi tərəfindən törədilməsi ehtimal edilən əməl üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qərara alnıdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı “İnzibati tənbeh vermə haqqında" qərarı inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməmə” nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Buna görə də, həmin, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmağa ehtiyac qalmır. Çünki, müddət institutu əsas etibarilə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının hüquq və qanuni mənafelərinin qorunmasına yönəldiyindən o, hüquq normalarının pozulması ilə qəbul edilmiş və qanunsuz olması müəyyən edilmiş qərarın ləğv edilməsinə mane olan hal kimi şərh edilə bilməz. Bunun əksi, qanunsuz olduğu təsbit edilən qərarın qüvvədə qalmasına səbəb ola və icraatın ədalətliliyinə xələl gəlirə bilər. Bundan başqa, o, 19 iyul 2023-cü il tarixdən etibarən 01 avqust 2023-cü il tarixədək Respublikanın hüdudlarından kənarda olacağını nəzərə alıb məhkəmə iclasını onun iştirakı olmadan keçirərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2019-cu il tarixdə saat 16:59-da ünvan 3 ünvanında “Nissan X Trail” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; ikincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarından görünür ki, X2 tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompyuter) aşkar edilmişdir. Lakin, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmiş, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Belə olan halda, X2 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar