Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3459/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərardan şikayət verən şəxs X4 vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə müəyyən edilən inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 3500 (üç min beş yüz) manat inzibati cərimə edilmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən qərar qanunsuz və əsassızdır, məhkəmə qaydasında ləğv edilməlidir. İşin faktiki hallarına münasibət bildirməmişdən öncə qərarın tərtibi ilə bağlı qanunvericilik pozuntusunu məhkəmənin diqqətinə çatdırır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda vəzifəli şəxsin vəzifəsi qeyd olunmalıdır. Lakin qərarda vəzifəli şəxsin vəzifəsi olaraq “rəis vəzifəsini müvəqqəti icra edən” qeyd edilmişdir. Rəis vəzifəsinin müvəqqəti icra edilməsi həmin vəzifənin struktur daxilində müvəqqəti olaraq kim tərəfindən idarə olunması halını, vəziyyətini göstərir. Qanunverici qərarı tərtib edən vəzifəli şəxsin vəzifəsini tələb edirsə bu əmək müqaviləsi üzrə, təsnifat kodu üzrə hansı vəzifəyə sahibi olmasını nəzərdə tutur. Həmçinin inzibati xəta haqqında qərarda istinad edilən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolda inzibati xətanın törədildiyi yer qeyd edilməmişdir. Bu pozuntular İXM-in 109.1.6-cı maddəsinin tələbləri əsasında iş materiallarının geri qaytarılması üçün əsasdır. Lakin, əsassız və qanunsuz əsaslarla qəbul olunmuş qərar barəsində iş üzrə icraata xitam verilməsində maraqlı olduğu üçün işin faktiki hallarını məhkəmənin diqqətinə çatdırır. Qeyd edir ki, işçi X9 ilə "xxxx" MMC arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə imzalanmış, xx.xx.2023-cü il tarixdə isə “Əmək və məğulluq” alt sisteminə daxil edilərək rəsmiləşdirilmişdir. İşçi əmək müqaviləsi bağladığı gün deyil, xx.xx.2023-cü il tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Yəni, işçi əmək müqaviləsi bağladığı tarixdən deyil, xx.xx.2023-cü il tarixdən işə başlamış və işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin tarixdə isə işçi artıq “Əmək və məğulluq” alt sisteminə daxil edilmiş və qanunvericiliyin tələblərinə uyğun işə qəbul edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsində əmək müqaviləsinə verilən anlayışa əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. xx.xx.2023-cü il tarixdə tərəflərin müqavilə şərtlərini müəyyən etməsi əmək müqaviləsi bağlaması isə işçinin işlərin görülməsinə cəlb olunması anlamına gəlməməlidir. Vəzifəli şəxsə məsuliyyət müəyyən edən İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Yuxarıda da qeyd edildiyi kimi işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməmişdir (bu halı təsdiq edən şahidlər mövcuddur). Həmçinin işçinin 01-03 avqust 2023-cü tarixlərində işlərin görülməsinə cəlb edilməsi hər hansı sübutla təsdiq olunmur. Ümumiyyətlə əmək müqaviləsi bağlamadan işçinin işə götürülməsi işəgötürənin vergi və digər məcburi ödənişləri ödəməkdən yayınmaq məqsədi daşıyır. Şirkətin belə bir məqsədinin olmaması işçiyə əmək haqqısının 04 avqust 2023-cü il tarixdən hesablanmalı olduğu halda 01 avqust 2023-cü il tarixdən hesablayaraq ödəməsi ilə təsdiq olunur. Yəni, şirkət humanizm prinsipi göstərərək müqavilə bağladığı, lakin işlərə cəlb olunmadığı 3 günün də əmək haqqısını verərək vergi və digər məcburi ödənişlərdən yayınmaq məqsədi daşımadığını, belə bir niyyətinin olmadığını açıqca bəyan edir. DƏMX-in tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsini etibarlı mənbə kimi qəbul etməsi, işçinin, şahidlərin, vəzifəli şəxsin izahatını almadan, yəni işin tam, hərtərəfli, həmçinin, faktiki hallarını araşdırmadan işçinin işlərin görülməsinə cəlb edilməsini müəyyən etməsi qanunsuz və əsassız qərar qəbul edilməsinə səbəb olmuşdur. X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3500 (üç min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman bu halı nəzərə almamışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X8 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək hal ətraflı araşdırılmamış, sübutetmə yükü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin üzərində olsa da, sübuta yetirilməmiş, həmçinin yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X8 tərəfindən həqiqətən X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixlərdə işlərin yerinə yetrilməsi təsdiq olunmamış, tam və hərtərəfli araşdırma aparılmamışdır. Bundan əlavə, X5 və hadisənin şahidi ola biləcək şəxslərin dairəsi müəyyən edilərək izahatları alınmamışdır. X7 vəzifəli şəxs kimi X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X8 tərəfindən işəgötürən kimi işçi X5 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X7 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X7 vəzifəli şəxs kimi X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 barəsində tərtib olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3459/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3459/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver