Məhkəmə qərarları › İş №3(006)-3476/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3476/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3476/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 12 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(006)-4001/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 13.500 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. Lakin borclu Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru V.Ş.Qaralov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(006)-4001/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 13.500 manat borc və 31 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. İcra sənədi üzrə icraata 09 sentyabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Buna baxmayaraq, borclu icra sənədi icra etməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru V.Ş.Qaralov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu indiyənədək heç nə ödəməyib, yaşadığı yer kirayə qaldığı yerdir. Onun məşğulluqda qeydiyyatda durmasına dair rəsmi sorğu verməmişdir. Borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol barədə probasiyaya rəsmi məlumat vermiş,dir. Bundan başqa, borclunun icra qeydi olmuş, lakin sonuncu həmin icra qeydini də icra etməmişdir. Müəyyən məbləğin ödənilməsi ilə bağlı cavabdehlə borclu arasında borcun ödənilməsi ilə bağlı razılıq olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icra sənədindən məlumatı var. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur, dəfələrlə icra şöbəsində olmuş, icra məmuru dəfələrlə onu şöbəyə dəvət edib onu məlumatlandırılmışdır. İşsiz olduğuna görə bugünədək borcunu ödəyə bilməmişdir. Lakin borcunu hissə-hissə ödəyə bilər. Bir dəfəyə bütün borcunu ödəyə bilmir, əvvəlcə ilkin 5.000 manat ödəmək şərti ilə razılaşmış, ancaq ödəniş edə bilməmişdir. Ancaq qısa müddətdə 1.000 manat ödəyə bilər. Qalanını da hissə-hissə ödəyəcəkdir. İndiyənədək 1.000 manatadək ödəniş etmiş, lakin pulu verməyi ilə bağlı heç bir sənədinin qəbzi yoxdur. O, icra sənədi üzrə ödənişdən yayınmır, sadəcə maddi vəziyyəti yaxşı olmadığına görə hər ay 150-200 manat olmaqla ödəyə bilər. Adına hər hansı heç bir əmlak yoxdur, qısa zaman ərzində borcunu ödəməyə çalışacaq. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil İ.İ.Ağazadə bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin iki tələbi var, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsidir. Borclu olan borcunu tələbkara hissə-hissə ödəməyə hazırdır və bununla bağlı tələbkara dəfələrlə müraciət etmişdir, lakin tələbkar bu təkliflə razılaşmamış və pulunun tam ödənilməsini tələb etmişdir. İkinci halda borclu icra məmurunun çağırışlarına gəlmiş, icra məmuru tərəfindən dəfələrlə izahatı alınmışdır. Bununla da hesab etmək olar ki, borclu icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halına yol verməmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, borclunun məşğul xidmətində qeydiyyata düşüb-düşməməsi barədə heç bir məlumat əldə edilməmişdir. Qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar