Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3481/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan barəsində protokol tərtib edilmiş şəxs Hancı Semsetdin tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X10 Xidmətinin vətəndaşlar X7 və X12 ilə əmək müqaviləsi bağlanmadan “TRZ GİDA TURİZM YATİRİM ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı filialının rəhbəri Şemsetdin Hancı tərəfindən işlərə cəlb edilmələri ilə bağlı AR Əmək Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı əsassız qərar qəbul edilmişdir. X10 Xidməti tərəfindən araşdırılmadan, şəxslərin izahatları alınmadan, əraziyə baxış keçirmədən, şahidlər dindirilmədən, sübutlar düzgün tətqiq edilmədən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada araşdırma aparmadan əsassız qərar qəbul edilmişdir. Vətəndaşlar şirkətin fəaliyyət göstərdiyi xidməti əraziyə ümumiyyətlə daxil olmamışlar. Həmin vətəndaşlar işə qəbulla bağlı ərizə təqdim etmiş, lakin sağlamlıq haqqında arayış təmin edə bilmədikləri üçün onların yazmış olduqları işə qəbul ərizəsi baxılmadan saxlanılmışdır. Qeyd etmək vacibdir ki, şirkətin 100-dən çox əmək müqaviləsi ilə işçisi mövcuddur. Bu işçilər əmək məcəlləsinin tələb etdiyi bütün qaydalara uyğun sənədləşdirilməklə öz əmək fəaliyyətlərini icra edirlər. Onlar arasından 3 illik fəaliyyət müddətində 2 nəfər işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi şirkətin daxili qaydalarına zidd olmaqla onların hüquqlarının məhdudlaşdırılması və şirkətin özfəaliyyətinə zərər gəlməsi deməkdir. Şəxslərin işlərə cəlb edilməsi həqiqətə uyğun deyil, adıçəkilən işçilərdən X12 şirkətin işçisi olmuşdur və onun müqavilə müddəti bitdiyindən artıq şantiyə daxilinə buraxılmamaqdadır. Digər adıçəkilən işçi ümumiyyətlə şirkət tərəfindən tanınan işçi deyildir və belə adda şəxsi tanımırlar. Bununla da X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, vətəndaşlar X7 xx.xx.2024-cü il tarixdən və X12 xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Qeyd olunan hal aşkar olunduqdan sonra X10 Xidməti tərəfindən vəzifəli şəxs Hancı Şemsetdin barəsində inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən sözügedən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini, barəsində şikayət verilmiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Hancı Semsetdin tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı başlamış X10 Xidməti tərəfindən işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, qərarda adları qeyd olunan vətəndaşların izahatları alınaraq zəruri araşdırma aparılmamış, bu şəxslərlə həmin şirkət arasında hər-hansı bir əmək münasibətlərinin yaranıb-yaranmaması dəqiqləşdirilməyərək yalnız əldə olunmuş məlumat əsasında qərar qəbul edilib iş məhkəməyə göndərilmişdir. Bununla da vəzifəli şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, prosesual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hancı Semsetdin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə” haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3481/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3481/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver